6 aprel 2023-cü il
Ü.Hacıbəyli adına BMA-nın “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və akustika” elmi tədqiqat laboratoriyasının böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Məhəmməd Vəliyevin “ Bir “ karvan”ın izi ilə ... bəstəkar Soltan Hacıbəyov ” adlı mövzusunda elmi seminarı keçirildi.
Məhəmməd Vəliyev öz çıxışında Azərbaycanın görkəmli bəstəkarı , dirijoru , SSRİ xalq artisti ,professor Soltan Hacıbəyovun yaradıcılığından ətraflı söz açdı.
Azərbaycan musiqi mədəniyyətinin xəzinəsinə böyük töhfələr verən Soltan Hacıbəyovun musiqi irsi araşdırılaraq , bəstəkarın müxtəlif janrlara əsaslanan yaradıcılığı tədqiq edilərək , onun yaradıcılığında əsas yerlərdən birini tutan simfoniyaları , “ Gülşən “ baleti , skripka və orkestr “Konserti” , “Karvan” simfonik lövhəsi , simfonik orkestr üçün yazdığı “Uvertüra” sı , “Bolqar” süitası, “Hind lövhələri”-nin , “Qızılgül” musiqili komediyası və digər instrumental musiqi əsərləri haqqında məlumat verdi.
Məruzəçi Soltan Hacıbəyovun 1947-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında müəllim vəzifəsində çalışmasını, 1947 –1962 – ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri daha sonra isə direktor vəzifəsində işləməsini , 1969 – 1974 -cü illərdən etibarən isə ömrünün sonuna qədər Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında rektor vəzifəsində çalışdığını qeyd etdi.
M.Vəliyev eyni zamanda bəstəkarın bir sıra dram tamaşalarına yazılmış Səməd Vurğunun “İnsan” , Süleyman Sani Axundovun “Eşq və İntiqam” , Mirzə İbrahimovun “Kəndçi qızı” , Sabit Rəhmanın “Əliqulu evlənir”, Zeynal Xəlilin “Qatır Məmməd” və s. əsələrinin adlarını sadaladı.
Məruzəçi çıxışının davamında xalq yaradıcılığı və folklor sənətinə dərin tellərlə bağlı olan Soltan Hacıbəyovun Azərbaycan xalq musiqisinin bütün janrlarının bir sıra mahnı və rəqslərinin ,aşıq sənətinin, muğamlarımızın səciyyəvi xüsusiyyətlərini öz fərdi yaradıcılq süzgəcindən keçirtdiyini , özünəməxsus bir üslubu yaratmağa nail olduğunu vurğuladı.
M.Vəliyev çıxışında Soltan Hacıbəyovun “Karvan “ simfonik lövhəsi və simfonik orkestr üçün yazdığı “Uvertüra” sı haqqında ətraflı olaraq auditoriyanı məlumatlandırdı.
Seminarda xalq artisti Ülviyyə Hacıbəyovanın və beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadənin ifasında Uvertüra , “Gülşən “ baletindən “Qızların rəqsi” , “Adajio”, xalq artisti Ülviyyə Hacıbəyovanın ifasında Zeynal Xəlilin sözlərinə yazılmış “Qəşəngdir” mahnısı və xalq artisti Gülnaz İsmayılovanın ifasında M.Lermontovun sözlərinə yazılmış “Yelkən” romansı səsləndi.
Seminarın sonunda elmi tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Arif Əsədullayev, böyük elmi işçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Rauf Bəhmənli, böyük elmi işçi Zeynal İsayev, aparıcı elmi işçi, bəstəkarlar ittifaqının üzvü Rüfət Ramazanov məruzəçiyə öz fikirlərini bildirdilər.
Ruqiyyə Süleymanova
aparıcı elmi işçi,
sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent