30 mart 2023-cü il
Azərbaycan musiqi mədəniyyətinin tarixində 1920-1930-cu illər bir çox əhəmiyyətli hadisələrlə zəngin, mürəkkəb və ziddiyyətli dövrdür.
30 mart 2023-cü il tarixində Ü.Hacıbəyli adına BMA-nın “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanoloqiya və Akustika” elmi-tədqiqat laboratoriyasında elmi işçi Əli Əliyev tərəfindən keçirilən seminar həmin dövrə həsr olunmuşdur. Seminarın mövzusu – “Azərbaycan musiqi mədəniyyətinin inkişafı üzrə dövlət siyasəti (XX əsrin 20-30-cu illər)”. Məruzəçinin öz çıxışında qeyd etdiyi kimi, onun işinin məqsədi qeyd olunan dövrdə SSRİ və Azərbaycan SSR-də müsuqi mədəniyyətinin yaranması və inkişafı sahəsində dövlət siyasətinin kompleks tədqiqidir. Ə.Əliyev həmin dövrə aid arxiv, partiya, dövlət elmi-tarixi sənədlərinin təhlili zamanı üzə çıxardığı Azərbaycan musiqi mədəniyyətinin inkişafının obyektiv və subyektiv aspektlərinin bütöv bir kompleksi haqqında danışır. O, tədqiqatının əsas məqsədlərini qeyd etmiş, sonra isə onların hər birinin məzmununu ətraflı şəkildə açıqlamışdır; konkret materialları nümunə gətirərək, Azərbaycanın musiqi-mədəniyyəti həyatının mühüm hadisələri, həmin illərin musiqi xadimləri və s. haqqında danışmışdır.
Məruzəçi belə qənaətə gəlmişdir ki, Azərbaycan mədəniyyətinin, o cümlədən musiqi mədəniyyəinin 1920-1930-cu illərdəki inkişaf yolunu bu gün birmənalı şəkildə qiymətləndirmək çətindir. Bir tərəfdən mədəniyyət rəsmi siyasətin güclənən təsirinə məruz qalmış, digər tərəfdən isə, şübhəsiz ki, hətta bu çətin zamanlarda ciddi uğurlar qazanmışdır. O, vurğulamışdır ki, Azərbaycan mədəniyyəti xalq həyatının kökləri ilə üzvi əlaqəsini qoruyub saxlamış və gələcək inkişaf üçün ilk öncə buradan güc almışdır.
Seminarın sonunda laboratoriyanın rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə Əli Əliyevin böyük və ciddi iş gördüyünü vurğulamış və maraqlı və dolğun çıxışına görə ona minnətdarlığını bildirmişdir. Laboratoriyanın əməkdaşları – sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, aparıcı elmi işçi M.Rzayeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru, aparıcı elmi işçi İ.Əliyeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, aparıcı elmi işçi R.Bəhmənli məruzəçiyə qızğın diskussiyaya səbəb olan suallar vermişdir.
Nərminə Bayraməlibəyli
sənətünaslıq namizədi,
Ü.Hacıbəyli adına BMA-nın
elmi-tədqiqat laboratoriyasının
aparıcı elmi işçisi