15 mart 2023-cü il
Azərbaycan və Özbəkistan musiqi təhsil müəssisələri musiqi xadimlərinin görüşü
Müasir dövrümüzdə əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan və Özbəkistan arasındakı dostluq əlaqələrini Azərbaycan Prezidenti İlham Əliyev inkişaf etdirərək, daha da möhkəmləndirmişdir. Dövlətlərimizin başçıları cənab İlham Əliyev və Şəfkət Mirziyöyevin tez-tez görüşləri, onların şəxsi dostluğu xalqlarımızın bir-birinə olan ən isti münasibətlərini təcəssüm etdirir. Biz isə, Azərbaycan musiqi mədəniyyətinin nümayəndələri, istər ifaçılıq mədəniyyəti, bəstəkar yaradıcılığı, şifahi xalq yaradıcılığı, xalq musiqi alətləri sahəsində baş verən proseslərlə yaxından tanış olmaq, qarşılıqlı əməkdaşlığın möhkəmlənməsinə öz töhfəmizi vermək qərarına gəldik.
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Özbəkistan Respublikasının Azərbaycandakı səfirliyi və Özbəkistan Dövlət Konservatoriyasının rəhbərliyi tərəfindən dəstəklənmiş musiqi xadimlərinin Dəyirmi masa ətrafında onlayn (zoom) platforması üzərindən görüşü 15 mart 2023-cü ildə baş tutmuşdur.Görüşün təşəbbüskarı və təşkilatçısı elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə çıxışında iki ölkə arasında tarixi mədəni əlaqələr haqqında danışaraq, hər zaman Azərbaycan bəstəkarlıq məktəbinin banisi, bütün Şərqin ilk operası “Leyli və Məcnun”un yaradıcısı Üzeyir Hacıbəyli və onun davamçıları – görkəmli bəstəkarlarımız Qara Qarayev, Fikrət Əmirov ,Cövdət Hacıyev, Arif Məlikov və digərlərinin unudulmaz əsərləri ilə fəxr etdiyimizi qeyd etdi. Eyni zamanda o, ilk özbək bəsrəkarları Talibjon Sadıkov, Doni Zakirov, Muxtar Əşrəfi, İkram Akbaronun adlarını hörmətlə andığını söylədi.
Görüş zamanı Ü.Hacıbəyli adına BMA-nın Tədris işləri üzrə prorektoru, Əməkdar müəllim, professor Nərminə Quliyeva çıxış edərək, Akademiyanın 100-illik şanlı tarixindən söz açdı və müasir dövrdə yetişən ifaçı və musiqişünas nəslinin xarici ölkələrdə yüksək nailiyyətlər qazandıqlarını xüsusi vurğuladı.
BMA-nın Elm və yaradıcılıq işləri üzrə prorektoru,Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə BMA-da Türkiyədən olan doktorantların mövzularına toxunaraq, məhz Azərbaycan və Türkiyənin musiqi mədəniyyətində olan ortaq dəyərlərinin araşdırılmasına həsr olunmuş xeyli sayda dissertasiyalar və monoqrafiyaların artıq işıq üzü gördüyünü söylədi. Bütün bunlar Özbəkistandan olan alimlərin marağına və suallarına səbəb olmuşdur.
Həmin tədbirdə ÖDK-nın Gənclərlə mənəvi işlər üzrə I prorektoru, dosent Yıldız Hüsniddinova, Elm və innovasiyalar üzrə prorektoru, Özbəkistan Respublikasının Əməkdar artisti, professor Sayora Qafurova, B.Zakirov adına Milli Estrada Sənəti institutunun rektoru, professor Avaz Mansurov və digər rəsmi şəxslər iştirat etmişdilər.
Mehriban dostluq şəraitdə keçirilən görüşdə Azərbaycan musiqi mədəniyyətinin görkəmli xadimlərini əks etdirən xüsusu hazırlanmış vidioslayd və 1987-ci ildə Səmərqənddə keçirilmiş Beynəlxalq simpoziumda çəkilmiş sənədli videokadrlar nümayiş etdirilmişdir.
Tədbirdə “Humanitar fənlər” kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Tərlan Quliyev, elmi-tədqiqat laboratoriyasının baş elmi işçiləri, xalq artistləri, professor Ramiz Quliyev və dosent Zümrüd Məmmədova, Əməkdar İncəsənət xadimi, professor Arif Əsədullayev və digər aparıcı və böyük elmi işçilər iştirak etmişlər.
Gələcəkdə də belə səmərəli görüşlərin təşkil olunması haqqında razılığa gəlinmişdir.
Ü.Hacıbəyli adına BMA-nın
elmi-tədqiqat laboratoriyasının müdiri,
sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
Nuridə İsmayılzadə