7 mart 2023-cü il
7 mart 2023-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında BMA-nın "Musiqi nəzəriyyəsi" və "İxtisas fortepiano" kafedralarının birgə təşkilatçılığı ilə görkəmli oftolmoloq alim, akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyinə həsr olunmuş konsert-konfrans keçirildi.
"Qadın və musiqi" adlanan konsert-konfransda BMA-nın "Musiqi nəzəriyyəsi" kafedrasının müdiri, professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Nəsirova ön sözlə çıxış edərək, bütün xanımları 8 Mart Beynəlxalq qadınlar günü münasibətilə təbrik edib, tədbiri açıq elan etdi.
Konfransda Azərbaycan Respublikasının Xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, professor Yeganə Axundova "Bir əsərin tarixçəsi", Əməkdar incəsənət xadimi, professor Elnarə Dadaşova "Xatirələrim", BMA-nın “Musiqi tarixi” kafedrasının dosenti Minaxanım Babayeva “Səhnəmizin Leyliləri”, BMA-nın “Musiqi nəzəriyyəsi” kafedrasının dosenti Aliyə Məmmədova "Qadın obrazlarının musiqili-səhnə əsərlərində təcəssümü”, BMA-nın “Musiqi tarixi” kafedrasının dosenti Xatirə Həsənzadə “Lirik esse” və “Azərbaycan ənənəvi musiqisi və müasir texnologiyalar” kafedrasının dosenti Leyla Zöhrabova “Azərbaycanın qadın musiqiçiləri” adlı mözvuları ilə Azərbaycan qadınlarının cəmiyyətdə tutduqları mühüm mövqelərindən, musiqi incəsənətimizə verdikləri tövhələrdən bəhs etdilər.
Çıxışlar arası maraqlı musiqi nömrələri səsləndirildi. Tədbirin bədii hissəsində Azərbaycanın istedadlı qadın bəstəkarlarının-Adilə Hüseynzadənin "Bülbül”, Sevda İbrahimovanın “Əhval-ruhiyyələr”, Elnarə Dadaşovanın “Sənə düşüb meylim”, “Anam məni istəyir”, Arzu Məmmədovanın “Uşaq şənliyinə eskiz” silsiləsindən “Unudulmuş əfsanə”, Yeganə Axundovanın “Mea Memoria”, Gülnaz Abdullazadənin “Prelüdlər”, Aliyə Məmmədovanın “Prelüdlər”, Mehriban Əhmədovanın “Qızlar bulağı”, “Bakı bulvarı”, Sevil Əliyevanın “Xatirə”, Gülnarə Məmmədovanın “Ulu türk” oratoriyası (III hissə), Könül Hüseynovanın “Şuşam mənim”, Zərif Kərimovanın “Prelüd”, Lalə Cəfərovanın “Blyuz" və "L” əsərləri ifa olundu.
Konsertdə Azərbaycan musiqisini ölkə hüdudlarından kənarda uğurla təmsil edən musiqiçi qadınlarımız-Əməkdar İncəsənət xadimi, Xalq artistləri Ülviyyə Hacıbəyova, Gülnaz İsmayılova, Yeganə Axundova, Əməkdar incəsənət xadimi Elnarə Dadaşova, “İxtisas fortepiano” kafedrasının dosentləri Züleyxa Abdulla, Sevda Məmmədli, Könül Hüseynova, Əməkdar müəllim Lalə Cəfərova, BMA-nın baş müəllimi Zərif Kərimova parlaq ifaları ilə tamaşaçılarda xoş təəssüratlar yaratdılar.
Bayram ab-havalı tədbir hər kəsin böyük marağına səbəb olaraq, gurultulu alqışlarla qarşılandı.