2 mart 2023-cü il
Sevimli bəstəkar Sevda İbrahimova
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi - tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Mehparə Rzayevanın “Sevimli bəstəkar Sevda İbrahimova“ adlı seminarı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində keçirilmişdir.
Seminarda giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi, Alla Bayramova və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə çıxış edərək qarşılıqlı əməkdaşlıqdan məmnun qaldıqlarını və bu kimi tədbirlərin önəmliliyini vurğuladılar.
Daha sonra söz məruzəçi Mehparə Rzayevaya verildi. M.Rzayeva Qara Qarayev bəstəkarlıq məktəbinin tanınmış yetirməsi Xalq artisti, professor Sevda İbrahimovanın yaradıcılığının müxtəlif janr və istiqamətləri haqqında məlumat verərək, ən parlaq əsərləri üzərində dayanaraq seminar iştirakçılarına təhlil məlumatlarını çatdırdı. Sevda İbrahimovanın yaradıcılıq yolunu əks etdirən fotoşəkillərdən ibarət videoçarx, bəstəkarın 5 sayli fortepiano konsertinin sədaları altında verildi.
Bəstəkarın yaradıcılıq palitrasının janr müxtəlifliyini qeyd edən məruzəçi, ara-sıra musiqiyə yer vərərək seminar iştirakçılarına Sevda İbrahimova melodizminin füsünkar sehrini dinlətdirdi.
Seminarda Azərbaycan Respublikasının Xalq artisti, professor Ülviyyə Hacıbəyova “Əhval ruhiyyələr” fortepiano silsiləsindən pyeslər, Ü.Hacıbəyli adına BMA-nın müəllimlik fakültəsi II kurs tələbələri Firuzə Məcidli “Məhəbbət işığı” silsiləsindən 8 saylı pyesi (müəllimi Əməkdar artist, dosent Nigar Məlikova) və Məhəmməd Əliyev skripkada, fortepianoda müşayyət Gülnarə Kərimova (müəllimləri dosent Zəhra Qarayeva) “Qəlbimin Nuru” əsərini canlı ifa edərək seminara xüsusi ovqat bəxş etdilər.
Sevda İbrahimovanın yaradıcılığında Vətən mövzusunu əks etdirən əsərlərindən danışan məruzəçi, xüsusilə bəstəkarın tar və kamera orkestri üçün qələmə aldığı “Qarabağnamə “ əsərini qeyd edərək, əsərin məxsusi olaraq xalq artisti, professor ustad tarzən Ramiz Quliyevə həsr olunduğunu vurğuladı. Bəstəkarın vokal yaradıcılığından söz açan məruzəçi 2021-ci ildə dərc etdirdiyi “Azərbaycan vokalizlərinin səciyyəvi xüsusiyyətləri” adlı monoqrafiyası haqqında da məlumat verərək, Alla xanım Bayramovaya təqdim etdi.
Daha sonra məruzəçi videoyazılar vasitəsi ilə Xalq artisti, professor Xuraman Qasımovanın ifasında “ “ vokal nümunəsini və Xalq artisti, professor Ramiz Quliyevin kamera orkestri ilə ifasında “Qarabağnamə” əsərini səsləndirdi.
Ü.Hacıbəyli adına BMA-nın elmi işlər üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə, Xalq artisti, professor Ramiz Quliyev bəstəkar haqqında xatirələrini seminar iştirakçıları ilə bölüşdülər.
Ü.Hacıbəyli adına BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasının elmi-metodiki işlər üzrə direktor müavini sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən İbrahimova bəstəkarın uzun illər məktəb studiyada çalışdığı illərdən bəhs etdi və muzeyə məktəb-studiyanın 40-illik yubileyinə həsr olunmuş və Tərlan Seyidovun 70 illik yubileyinə həsr olunmuş kitabları hədiyyə etdi.
Tədbir xatirə fotoşəkillərinin çəkilməsi ilə yekunlaşdı.
Elmi tədqiqat laboratoriyasının elmi işçisi Könül Əhmədova