23 fevral 2023-cü il
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika" elmi-tədqiqat laboratoriyasının əməkdaşı Nərminə Hüseynovanın “26 fevral Xocalı soyqrımı” na həsr olunmuş seminarı Akademiyanın Qara Qarayev zalında keçirilmişdir.
Seminarı giriş sözü ilə açan Ü.Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqrımının 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələrinin və keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə əli silahsız qadın və uşaqlardan ibarət dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutulduğunu və bu faciənin Azərbaycan xalqının yaddaşında həkk olunaraq unudulmayacağını bildirdi.
Elmi-tədqiqat laboratoriyası olaraq hər il Xocalı soyqrımının il dönümü ərəfəsində müxtəlif səpgili elmi seminar və konfranslar təşkil edərək Xocalı şəhidlərinin yad edildiyini bildirən N.İsmayılzadə, Xocalı soyqrımının 31-ci il dönümünə həsr olunmuş seminarı davam etdirmək üçün sözü Nərminə Hüseynovaya təqdim etdi.
Məruzəçi N.Hüseynova tariximizin ən dəhşətli səhifələrini xatırladaraq, tarixi abidələri ilə fərqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə, strateji önəmə malik Xocalı şəhəri, sözün əsl mənasında, işğalın nəticəsində xarabalığa çevrildiyini, soyqırım zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildiyini bildirdi. Xocalı soyqırımı amansız beynəlxalq cinayətdir və dünya miqyasında tanıdılması istiqamətində dövlətimizin apardığı düzgün siyasətin nəticəsidir ki, Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmışdır.
Xocalı faciəsinin dünya miqyasında tanıdılmasında incəsənət xadimlərinin bəstəkar və şairlərimizin, ədiblərimizin, rəssamlarımızın da müstəsna rolu vardır deyən N.Hüseynova Arif Mirzəyevin “Xocalı uşaqlarına laylay” orqan kompozisiyasını, R.Ramazanovun xanəndə və orqan üşün “And” poemasını, Yusif Mirişlinin “Xocalı-613” simfonik poemasını, Azər Dadaşovun “Xocalıya ədalət” simfonik plakatını, Faiq Nağıyevin xor üçün “Xocalı harayı” əsərini, Nazim Quliyevin “Xocalı” operasını, Elnarə Dadaşovanın “Xocalı laylası”nı qeyd etdi. Bundan əlavə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında keçirilmiş Xocalı faciəsinin anım gecələrində ifa olunan fransız bəstəkarı Pyer Tilloyun “Xocalı 613” simfonik poemasını, rus bəstəkarı Aleksandr Çaykovskinin “Xocalının matəm musiqisi” əsərlərini də vurğuladı.
Məruzəçi N.Hüseynova çıxışı zamanı Xocalı soyqrımını əks etdirən videoçarx, Qara Qarayevin “Don Kixot” simfonik qravürlərinin əsasında “Donan uşaqlar” və Soltan Hacıbəylinin “Karvan” simfonik lövhələrinin əsasında “Ocaq” kompozisiyalarını, Rüfət Ramazanovun xanəndə və orqan üçün “And” əsərini səsləndirərək seminar iştirakçılarına nümayiş etdirdi.
Seminarın sonunda çıxış edən Ü.Hacıbəyli adına BMA-nın elmi işlər üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə tarixin hələ indiyədək şahidi olmadığı bu müsibətin ancaq insanlığını və mərhəmət hissini itirən vəhşi ermənilər tərəfindən törədildiyini və Xocalı faciəsinin təsadüfi olmadığını qeyd etdi. Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin bunun tam əksini, qarşılarında “DəmirYumruqlu” əzəmətli mübariz bir xalq gördülər deyə G.Abdullazadə qeyd etdi.
Sonda elmi tədqiqat laboratoriyasının əməkdaşları baş elmi işçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru. doent M.Qafarova, aparıcı elmi işçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent R.Bəhmənli, Azərbaycan Respublikasının Xalq artisti, dosent Z.Məmmədova, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru İ.Əliyeva çıxış edərək bu kimi tədbirlərin keçirilməsinin vacibliyini və gənc nəsillərə hər zaman xatirlatma mövqeyinin önəmliliyini qeyd etdilər.
Mehparə Rzayeva
dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru,
aparıcı elmi işçi