20 dekabr 2022-ci il
20 dekabr 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına BMA-nın “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və akustika“ elmi tədqiqat laboratoriyasında kiçik elmi-işçi Sevda İsayevanın “ İnsan psixologiyası və musiqi. Musiqi dinləmə prosesi.” mövzusunda seminarı keçirilmişdir.
Məruzəçi Sevda İsayeva öncə musiqinin inkişafının insan psixologiyası və emosional durumun vəziyyətindən asılı olduğunu vurğulayaraq, müəyyən yaş dövründə musiqinin insan psixologiyasına, onun dünyagörüşünə çox böyük təsirindən danışdı. Bir çox fiosofların, alimlərin musiqinin insan psixologiyası ilə vəhdəti mövzusunda söylədikləri aforizmlərdən misallar çəkdi.
Daha sonra XXI-ci əsrin bəlası sayılan “Covid-19” virusunun insan psixologiyasına vurduğu zərbələrdən danışan məruzəçi söylədi ki, sosial izolyasiya və karantin dövründə insanların internetdən və smartfon funksionallığından aktiv istifadəsi iki dəfəyə qədər artdı. Əvvəllər insanlar informasiya azlığı səbəbindən beyinlərinin yüklənməsi üçün ağır və uzun musiqilərdən istifadə edirdilərsə pandemiyadan sonrakı dövrdə daha lakonik və ritmik musiqilərə üstünlük verirlər.
Sonda məruzəçi musiqi dinləmə prosesi haqqında qısa məlumat verdi.
Seminarın sonunda BMA-nın elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə məruzəçiyə öz məsləhətlərini verib uğurlar arzuladı. Böyük elmi işçi Z. İsayev musiqi dinləmə prosesinin hal hazırda aktuallığını və yeni nəsil dinləyicilərin hazırlanmasının xüsusilə zəruriliyini qeyd etdi. Mövzu geniş müzakirələrə səbəb oldu. Seminar iştirakçıları mövzu haqqında dəyərli fikirlərini bildirdilər.
Elmi-təədqiqat laboratoriyasının elmi işçisi
Nazlı Mustafayeva