6 dekabr 2022-ci il
6-7 dekabr 2022-ci il Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (Ü.Hacıbəyli adına BMA) Qara Qarayev zalında keçiriləcək “Ənənəvi və klassik dəyərlər multikultural mühitdə” beynəlxalq fənlərarası elmi-praktiki konfransın açılışı oldu.
Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başlanan konfrans, Ü.Hacıbəyli adına BMA-nın rektoru, SSRİ və Azərbaycan Xalq artisti, Dövlət mükafatları laureatı, professor Fərhad Bədəlbəylinin onlayn çıxışının səsləndirilməsi ilə davam etdi. Professor F.Bədəlbəyli multikulturalizm çox önəmli və çox lazımlı bir amil olduğunu vurğulayaraq, bildirdi ki, Azərbaycanda multikulturalizm mühüm rol oynayır və burada çoxlu azsaylı xalqlar yaşayır. Cənab prezidentin hər zaman azsaylı millətlərin dillərinin, mədəniyyətlərinin yaşaması üçün çoxsaylı işlər gördüyünü söyləyərək, sonda “Biz bir-birimizə qardaş demişik və hamımız Azərbaycan vətəndaşıyıq” fikrilərini səsləndirdi.
Konfransın açılışında Ü.Hacıbəyli adına BMA-nın 1-ci kurs bakalavr tələbəsi, klarnet ifaçısı Rzayev Hüseyn B.Kovaçın “Macar rapsodiyaları”nı, 1-ci kurs magistr tələbəsi, fleyta ifaçısı Məmmədova İlahə, konsertmeyster Zeynalova Leyla H.Rzayevin “Çahargah” rapsodiyasını, 1-ci kurs bakalavr tələbəsi, violin ifaçısı Cabbarlı Özcan və konsertmeyster Salamova Zöhrə Q.Venyavskinin “Vals – kapriççio”sunu ifa etdilər. Sonuncu ifa isə Azərbaycan Milli Konsevatoriyasının baş müəllimi, beynəlxalq müsabiqələr laureatı, kamança ifaçısı Mehri Əsədullayeva və tabla ifaçısı Hüseynov Yaşarın “Hind raqası” oldu.
Ardınca Ü.Hacıbəyli adına BMA-nın Elm və yaradıcılıq işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor, Əməkdar incəsənət xadimi Gülnaz Abdullazadə qonaqları salamlayaraq, konfrans iştirakçılarına uğurlar dilədi.
Konfransın moderatoru Ü.Hacıbəyli adına BMA-nın “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə Gəncə Dövlət Universitetinin, Naxçıvan Dövlət Universitetinin, Azərbaycan Milli Konservatoriyasının, Bakı Xoreoqrafiya Akademiyasının nümayəndələrini və digər qonaqları salamlayaraq, konfransda Türkiyə, Çin, Rusiya, İran ölkələrindən iştirkçılar olacağını, iki gün ərzində 38 məruzə səslənəcəyini bildirdi. Daha sonra sözü plenar iclasın iştirakçılarına verdi. Çıxış edənlər – Professor Gülnaz Abdullazadə, Sakarya Universitetinin professor doktoru Kürşad Gülbeyaz, Uxan Musiqi Konservatoriyasının dosenti Lina Li, Naxçıvan Dövlət Universitetinin “Musiqinin tarixi və nəzəriyyəsi” kafedrasının müdiri, sənətşünaslıq elmləri doktoru, dosent İnara Məhərrəmova, Gəncə Dövlət Universitetinin “Musiqi fənləri” kafedrasının müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Sevda Qurbanəliyeva idi.
Dekabr ayının 6-7-də keçiriləcək konfrans 4 bölümdən ibarətdir:
I bölüm
- Dünya musiqi mədəniyyətində multikultural dəyərlər
- Musiqi mədəniyyətlərinin qarşılıqlı zənginləşməsində multikulturalizmin rolu
II bölüm
- Multikulturalizm və bəstəkar yaradıcılığı
- Etnomuzıkoloji problemlər müasir musiqi elmi kontekstində
III bölüm
- Multikultural məkanda milli xalq çalğı alətlərinin standartlaşdırılması problemləri
- Azsaylı xalqların musiqi mədəniyyətinin qorunması
- Milli musiqi irsinin qorunub saxlanılması – dövlət siyasətinin priotitet istiqamətlərindən biri kimi
IV bölüm
- Beynəlxalq aləmdə multikulturalizmin Azərbaycan modeli
- Multikulturalizmin milli modelleri
Konfrans iştirakçılarına sonda sertifikat təqdim olundu.
Elmi -tədqiqat laboratoriyasının elmi işçisi
Könül Əhmədova