• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    30 noyabr 2022-ci il

    30 noyabr 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Qara Qarayev adına Konfrans zalında "Şərq və Qərb musiqi mədəniyyətlərinin dialoqu" mövzusunda II Beynəlxalq Elmi-praktiki konsfrans keçirildi.

    Tarix-nəzəriyyə fakültəsinin dekanı, professor Gülzar Mahmudovanın və Azərbaycan Ənənəvi musiqisi və Müasir texnologiyalar kafedrasının müdiri,  professor Tariyel Məmmədovun  təşəbbüsü ilə baş tutan konfransda  SSRİ və Azərbaycanın Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli  elmi müşavirəni açıq elan edərək, iştirakçıları və qonaqları salamladı. Sonra, Moskva Dövlət Konservatoriyasının Elmi işlər üzrə prorektoru, professoru, musiqişünas Konstantin Vladimiroviç Zenkin konfrans iştirakçılarını salamladı. Musiqişünas alim Üzeyir bəyin ənənələrinin çağdaş zamanda qorunub saxlanılmasının sevindirici hal olduğunu və paytaxt Bakının Şərqdə elm- yaradıcılıq məkəzi olduğunu söylədi.

    Tədris işləri üzrə prorektor, Əməkdar müəllim, professor Nərminə Quliyeva  Beynəlxalq Elmi-praktiki konfrans çərçivəsində tarixçi alim Teymur Atayevin rus dilində nəşr edilmiş "Последние сочинения Димитрия Шостаковича: осмысление жизненного пути" adlı kitabını iştirakçılara təqdim etdi.  Həmçinin, Musiqi tarixi kafedrasının müdiri, professor Ülviyyə İmanova, dosent İnna Pazıçeva  görkəmli bəstəkar D.Şostakoviçin yaradıcılığı haqqında danışdı, onun zəngin musiqi ideyası ilə mədəni tarixə verdiyi töhfələrdən bəhs etdilər. Professorlar və tədqiqatçılar tarixçi alim Teymur Atayevə kitabın ərsəyə gəlməsində danılmaz əməyini alqışlayaraq ona minnətdarlıq hisslərini bildirdilər. Ardınca Bakı Musiqi Akademiyasının İfaçılıq fakültəsinin  IV kurs tələbələri Zərrin Əliyeva, Osman Mustafazadə, Humay Hacızadə, Ərol Rzayev dahi bəstəkar Dimitri Şostakoviçin simli kvartet üçün "Zarafat" əsərini səsləndirdi.

    Konfrans müddətində Moderator Azərbaycan Ənənəvi musiqisi və Müasir texnologiyalar kafedrasının müdiri,  professor Tariyel Məmmədovun rəhbərliyi ilə  dünyanın müxtəlif ölkələrindən (Azərbaycan, Rusiya, Tatarıstan, Almaniya, Qazaxıstan, Tacikistan, Suriya və b) olan aparıcı mütəxəssislərin- tədqiqatçıların, elmlər doktoru, professorların iştirakı ilə  aktual tematik istiqamətlərdə məruzələri səsləndirildi. Fikrət Əmirov- 100: Azərbaycan musiqi mədəniyyətində bəstəkarın rolu; Fərhad Bədəlbəyli: pianoçu, bəstəkar, pedaqoq, ictimai xadim; Şərq və Qərb musiqi mədəniyyətlərinin dialoqu: tarixi retrospektiv və müasirlik; Etnomüsiqişünaslıq müasir mərhələdə, Tarixi və nəzəri musiqişünaslığın aktual problemləri; Müasir musiqi təhsili: problem və perspektivlər; Musiqidə informasiya texnologiyaları konfransın əsas tematik istiqamətləri idi. Həmçinin tədqiqatçıların məruzələri zamanı bəstəkar Fikrət Əmirovun və Fərhad Bədəlbəylinin musiqi əsərləri səsləndirildi.

    "Şərq və Qərb musiqi mədəniyyətlərinin dialoqu" mövzusunda II Beynəlxalq Elmi-praktiki konsfransın təşkili artıq ənənə halını almışdır. Ardıcıl və mütərəqqi axtarışları  elmi istiqamətdə həyata keçirən  konfrans  Elmi-yaradıcı Beynəlxalq əlaqələrin daha da güclənməsinə  əyani sübutudur.

    Tədbirdə  "RusSotrudniçestvo"nun şöbə müdiri Dmitriy Yegorov da qonaq qismində iştirak etmişdir.