28 noyabr 2022-ci il
Azərbaycan Televiziyası və Radio Verilişləri QSC 28 noyabr 2022-ci il tarixində Beynəlxalq Muğam Mərkəzində Muğam-şeir dünyası adlı “Rast” filminin təqdimat mərasimini keçirtdi.
Bu layihənin təşəbbüskarı və birbaşa iştirakçısı Ü. Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi, Dövlət mükafatı laureatı, xalq artisti, professor Ramiz Quliyevdir. “Rast” filminin ərsəyə gəlməsində muğam bilicisi, ustad sənətkar Ramiz Quliyevin dəyərli fikirlərinə istinad olunmuşdur. Orta əsr musiqi elmində Rast ən birinci və bütün digər muğamların əsası sayılır, musiqişünaslar Rastı “muğamların anası” adlandırırlar. Əbəs yerə dahi Ü. Hacıbəyli “Rastı indiyədək zamanın və hadisələrin sarsıdıcı təsirinə qarşı möhkəm duran yeganə muğam” adlandırmamışdır. Rast muğamı nəinki öz adını və kökünün səsdüzümünü, hətta öz tonikasının (mayəsinin) ucalığını belə zəmanəmizə qədər mühafizə edib saxlaya bilmişdir. Rast Azərbaycan musiqisində: novruz-rəvəndə, rast, üşşaq, hüseyni, vilayəti (dilkəş), xöcəstə, xavəran, əraq, pəncgah, rak, əmiri və məsihi şöbələrindən ibarət dəstgahdır. Filmin çəkilişlərini rejissor Azərbaycanın gözəl guşələrindən olan Qaxda, İçərişəhərdə və M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında aparmışdır. Filmdə maestro Niyazinin “Rast” simfonik muğamını Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına Simfomik orkestri (drijor əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov), “Rast” muğamını Əhsən Dadaşov adına “Xatirə” xalq çalğı alətləri ansamblı (bədii rəhbəri xalq artisti Adil Bağırov), solo Azərbaycanın Xalq artistləri - tarda Ramiz Quliyev, kamançada Şəfiqə Eyvazova ifa etdilər. Filmdə Azərbaycanın xalq artistləri Alim Qasımov, Mənsum İbrahimov, Aygün Bayramova, Nəzakət Teymurova, əməkdar incəsənət xadimi Aqil Məlikov “Rast” muğamının bütün şöbələrini böyük məharətlə ifa etdilər.
Təqdimatda çıxış edən qonaqlar Azərbaycan Milli Konservatoriyasının elm işləri üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Lalə Hüseynova, Azərbaycan Respublikası Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Ü. Hacıbəylinin ev muzeyinin direktoru Sərdar Fərəcov, Ü. Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə film haqqında öz ürək sözlərini və dəyərli fikirlərini söylədilər.
“Rast” filminin nümayişindən sonra xalq artisti Ramiz Quliyev dəyərli muğam ifaçılarını səhnəyə dəvət etdi və filmin ərsəyə gəlməsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və onun xanımı, Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xüsusi rolunu və dəstəyini qeyd etdi.
Sonda xalq artisti Alim Qasımovun əsrarəngsiz ifası tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılandı və xatirə şəkilləri çəkildi.
Ü. Hacıbəyli adına BMA-nın elmi-tədqiqat
laboratoriyasının elmi işçisi, doktorant Nigar Bayramova