10 noyabr 2022-ci il
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika" elmi-tədqiqat laboratoriyasının təşkilatçılığı ilə Akademiyanın Qara Qarayev zalında Zəfər Gününün ikinci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə ilk olaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri açıq elan edən elmi-tədqiqat laboratoriyasının müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə hamını salamlayaraq Zəfər Günü münasibəti ilə təbrik etdi.Vətən müharibəsində qazanılan möhtəşəm qələbə tariximizin ən parlaq səhifəsidir deyə qeyd edən N.İsmayılzadə azad olunmuş torpaqlarımızda yüksələn bayrağın bir daha enməməsini arzulayaraq, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyini və Azərbaycan Ordusunun rəşadətini vurğuladı.
Vətən müharibəsində Ü.Hacıbəyli adına BMA-nın tələbələrinin iştirakını xüsusilə vurğulayan məruzəçi, vətənimizin bu cür istedatlı, rəşadətli gənclərinin olması ilə fəxr etdiyini bildirdi.
Daha sonra çıxış üçün söz verilən baş elmi işçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Maya Qafarova Ü.Hacıbəyli adına BMA-nın bəstəkarlıq ixtisası üzrə magistri, 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətə görə cənab Prezidentin sərəncamı ilə “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş, bəstəkar Vüqar Məmmədzadənin anası olaraq oğlunun xalqımızın digər igid oğulları ilə birgə Azərbaycan torpaqları uğrunda döyüşlərdə iştirak etdiyi üçün qürur hissi keçirdiyini bildirdi.
Məmmədzadənin Vətəninə və sevdiyi peşəsinə olan məhəbbət və sadiqliyindən bəhs edən M.Qafarova “Bir addım da olsa” sənədli filmini təqdim etdi. Bu filmdə V.Məmmədzadə döyüş yoldaşları ilə birgə torpaqlarımız uğrunda gedən döyüşlərdən yaddaşında həkk olunan acılı və fəxrli xatirələrindən bəhs edirdi. Müharibədən sonrakı dönəmdə bir sıra əsərlərinin məhz vətən mövzusuna həsr olunmasını qeyd edərək, onların hər birinin yaranmasında müharibənin iz qoyduğu şanlı və acı xatirələrin əsas amal olduğunu vurğulayırdı.
Bu əsərlərdən 2021-ci ilin may ayında “Mənim yolum” əsərinin premyerası Avstriyanın Vyana şəhərində Azərbaycan Respublikası Gününə həsr olunmuş Konsertdə, XII Qəbələ Beynəlxalq Musiqi Festivalında ifa olunmuş, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən keçirilən Şanlı Qələbəmizə həsr olunan bəstəkarlıq müsabiqəsində “İnsan” simfonik poema II yerə layiq görülərək laureat adını almış və Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə H. Əliyev adına Sarayda keçirilən Zəfər gününə həsr olunmuş “Qarabağ Azərbaycandır!” Konsertində simfonik orkestr üçün “Dəmir Yumruq” əsərinin premyerası olmuşdur.
M.Qafarova çıxışı zamanı gənc bəstəkarın 44 günlük Vətən müharibəsinə həsr etdiyi əsərlərini səsləndirdi.
Daha sonra Xalq artisti, baş elmi işçi, professor Ramiz Quliyev, “Musiqi nəzəriyyəsi” kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın professoru Könül Nəsirova, Xalq artisti, profesor Zümrüd Məmmədova, aparıcı elmi işçi, bəstəkar Rüfət Ramazanov, böyük elmi işçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Rauf Bəhmənli, “Musiqi nəzəriyyə” kafedrasının dosenti Pərviz Quliyev tədbir haqqında yüksək fikirlər söyləyərək, qalib ordumuzun şanlı qələbəsini, Zəfər Gününün önəmliyini vurğulayaraq çıxışlar etdilər.
Tədbirdə Tarix-nəzəriyyə fakültəsinin dekanı, sənətşünaslıq doktoru, professor Gülzar Mahmudova, Həmkarlar ittifaqı komitəsinin sədri Əməkdar müəllim, dosent Aqil Qafulov, dissertasiya şurasının Elmi katibi sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Leyla Zöhrabova, elmi-tədqiqat laboratoriyasının əməkdaşları və tələbələr iştirak etmişlər.
Mehparə Rzayeva
Elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi,
sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent