• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    6 oktyabr 2022-ci il

    6 oktyabr 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Qara Qarayev adına Konfrans zalında görkəmli əruzşünas alim, Filologiya elmləri doktoru, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Humanitar fənnlər" kafedrasının müdiri, professor Tərlan Quliyevin 60 illiyinə həsr olunmuş "Sevgi ilə keçən ömür" adlı Yubiley tədbiri keçirildi.

    Öncə  görkəmli pianoçu, Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli tədbirdəki bütün qonaqları salamlayaraq, Tərlan Quliyevi yubiley münasibətilə təbrik etdi. onun Bakı Musiqi Akademiyasında uzun illər boyunca əruz vəznini, Azərbaycan klassik ədəbiyyatını, Azərbaycan dilini uğurla təbliğ etdiyini qeyd edib, yaradıcılığını yüksək qiymətləndirdi.

    Sonra Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, BMA-nın “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika ” elmi-tədqiqat laboratoriyasının  müdiri  Nuridə İsmayılzadə də öz növbəsində T.Quliyevi təbrik edib, çıxış edəcək qonaqları  hər kəsə təqdim etdi.

    Tədbirdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Ceyhun Məmmədov, Fəlsəfə elmləri doktoru,  Əməkdar İncəsənət Xadimi, professor Gülnaz Abdullazadə, yazıçı, dramaturq, şair, Azərbaycan yazıçılar birliyinin katibi İlqar Fəhmi, Filologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Şöbə müdiri Füzuli Bayat, Dövlət Dil Komissiyası yanında  Monitorinq Mərkəzinin direktoru, Filologiya elmləri doktoru, professor Sevinc Əliyeva, Əməkdar jutnalist, Elmlər doktoru, professor Xalid Niyazov,  tədbirdə çıxış edərək, Tərlan Quliyevi yubiley münasibətilə təbrik edib, yeni yaradıcılıq uğurları arzu etdilər.

    Ardınca  T.Quliyevin həyat və yaradıcılığından ibarət video-çarx qonaqlara nümayiş etdirildi.

    Sonra professor Tərlan Quliyev Bakı Musiqi Akademiyasında ona göstərilən etimada görə başda rektor Fərhad Bədəlbəyli olmaqla, BMA kollektivinə və tədbirdə iştirak edən bütün dəyərli qonaqlara təşəkkürünü bildirdi.

    Qeyd edək ki, çıxışlararası rəngarəng konsert proqramı dinləyicilərə təqdim olundu.

    Konsert proqramında  Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının istedadlı tələbələri Nəriman Məsimov Tofiq Quliyevin "Qaytağı", Rəşad Abdullayev  Arif Məlikovun "Komdenin arzuları" (müşayiət edir Cəmalə Abdinzadə),

    Sabah qrupu tələbələrinin ifasında F.Əmirovun "Mən səni araram",  Azərbaycan Xalq mahnısı "Almanı atdım xarala" (xor üçün işləmə Dmitri Babayevindir) əsərlərini dinləyicilərə təqdim etdilər.

    Sonda tədbir iştirakçıları ilə xatirə şəkilləri çəkdirildi.