22 sentyabr 2022-ci il
Dahi bəstəkarımız Ü.Hacıbəylinin 137-ci ildönümünə həsr olunmuş Dəyirmi masa təşkil edildi.
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Q.Qarayev adına zalında 2022-ci il 22 sentyabr tarixində “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi :Orqanologiya və Akustika” elmi-tədqiqat laboratoriyasının təşkilatçılığı ilə “Üzeyir Hacıbəylinin ölməz irsi” mövzusunda Dəyirmi masa keçirilmişdir.
Tədbir Vətən müharibəsində şəhid olan əsgərlərimizin xatirəsini yad etməklə bir dəqiqəlik sükutla açıq elan olundu. Ardından Azərbaycanın dövlət himni səsləndirildi.
BMA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor G.Abdullazadə iştirakçıları salamlayaraq özünün fəaliyyəti dövründə Ü.Hacıbəyli irsinin qorunması istiqamətində gördüyü işlər haqqında maraqlı faktları iştirakçıların nəzərinə çatdırdı. 2005-ci ildə yaradılmış komissiyanın tərkibində olarkən Ü.Hacıbəyliyə məxsus küliyyatına aid olan əlyazmalarının böyük çətinliklə toplanaraq dahi bəstəkarın ev muzeyinə təhvil verilməsi və əldə olunmuş arxiv materiallarının siyahısı ilə iştirakçıları tanış etdi. G.Abdullazadənin çıxışından sonra Ü.Hacıbəyliyə həsr olunmuş videoçarx nümayiş olundu. Dahi bəstəkarın həyat və yaradıcılıq yolunu xronoloji şəkildə təsvir edən videoçarx “Koroğlu” operasının Üvertürası sədaları altında təqdim edildi.
Çıxış edən elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru , dosent N.İsmayılzadə görkəmli bəstəkarın yaradıcılığı boyu qarşılaşdığı çətinliklərdən bəhs edərək maraqlı faktları açıqladı.Ölkənin ağır zamanlardan keçdiyi dövrdə də bəstəkara olunan təzyiqlərə baxmayaraq, yaradıcı mühitin formalaşması və inkişafında göstərdiyi xidmətlərindən bəhs etdi.
Daha sonra elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi, Xalq artisti, professor tarzən Ramiz Quliyev Ü.Hacıbəylinin xidmətləri haqqında,onun yüksək nüfuzu, xalqımızın mədəni irsinə bəxş etdiyi çoxsaylı inciləri haqqında söz açdı. Elmi laboratoriyanın digər baş elmi işçisi, Əməkdar incəsənət xadimi,sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor A.Əsədullayev çıxışında “Ü.Hacıbəyli və muğam” mövzusuna toxunaraq muğamlarımızın nota yazılmasının vacibliyini diqqətə çatdırdı.
Daha sonra elmi laboratoriyanın baş elmi işçisi sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent M.Qafarova öz müəllimlərinin bəstəkar haqqında olan xatirələrindən danışdı. Xüsusilə, görkəmli bəstəkarlarımızdan olan S.Ələsgərov və H.Xanməmmədovla Üzeyir bəyin müəllim-tələbə münasibətləri haqqında söz açdı.
Tədqiqatçı-alim R.Bəhmənli bəstəkarın özünün əsərlərində milli musiqinin tətbiqi və xalq rəqsləri işləmələrinin yaranmasında Ü.Hacıbəylinin rolu haqqında fikirlərini iştirakçıların diqqətinə çatdırdı.
Dəyirmi masa iştirakçılarının hər biri Üzeyir bəyə Allahdan rəhmət diləyərək, yüksək səviyyədə və səmimi abu-havada təşkil olunmuş tədbirə görə elmi-tədqiqat laboratoriyasının rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.
Elmi tədqiqat laboratoriyasının elmi işçisi
İlahə Qismət