21 iyun 2022-ci il
21 iyun 2022-ci il tarixində Bakı Musiqi Akademiyasının Qara Qarayev adına konfrans zalında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının
"Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika" elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rauf Bəhmənlinin “Erməni plagiatına məruz qalmış qərbi Azərbaycan yallıları” adlı kitabının təqdimatı keçirildi.
Kitab, 27 sentyabr 2020-ci ildə başlanan İkinci Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin, başda cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad edilməsində qazandığı tarixi qələbənin nailiyyəti kimi, 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatın 9-cu maddəsində nəzərdə tutulan “Zəngəzur dəhlizi” nin açılmasına həsr olunub. Kitabda 40- dan çox yallı havasının melodiyası əldə edilmiş və notlaşdırılmışdır. Eyni zamanda müəllif tərəfindən “Ağbaba”, “Ulu yurd” , “Gülbəndi” , “Göyçə”, “Qaraçuxa” , “Gülü basma” , “Hacı Nəzər” və başqa yallıların adları kitabda qeyd olunmuşdur.
Ön söz elmi redaktor Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadəyə verildi. Təqdimat mərasimində Gülnaz xanım öz çıxışında bu kitabı çox yüksək qiymətləndirərək onun elmi əsaslara istinad olunaraq yazıldığını qeyd etdi və Rauf Bəhmənlinin yaradıcılığına uğurlar arzuladı.
Elmi tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə qonaqları və laboratoriyanın əməkdaşlarını salamladı. Nuridə İsmayılzadə ilk növbədə laboratoriyanın fəaliyyətindən, hər bir əməkdaşın öz işini layiqincə yerinə yetirməsindən, Rauf Bəhmənlinin fəal yaradıcılığından və əldə etdiyi nailiyyətlərdən söz açdı. Çıxışda eyni zamanda elmi laboratoriyanın iki il ərzində fəaliyyət göstərdiyi yaradıcılıq uğurlarından ibarət slayd təqdim olundu. Daha sonra sözü auditoriyanın digər üzvlərinə verdi.
“Bəhram Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyinin sədri Adil Nəsibov öz çıxışında təqdimatın təşkilində böyük səyi olan bu musiqi ocağının rəhbərliyinə öz təşəkkürünü bildirdi və kitabın ictimai əhəmiyyətindən danışdı.
Növbəti söz professor, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar incəsənət xadimi, bəstəkar Elnarə Dadaşovaya verildi. Elnarə Dadaşova öz çıxışında kitabın xalq üçün çox dəyərli olduğunu vurğuladı.
Sonra söz Azərbaycanın xalq artisti, professor Ramiz Quliyevə verildi. Ramiz Quliyev çıxışında Rauf Bəhmənliyə kitabında notlaşdırdığı yallıların orkestr üçün işləməsini tövsiyyə etdi.
Növbəti söz professor, sənətşünaslıq üzrə elmlər doktoru, əməkdar incəsənət xadimi İmruz Əfəndiyevaya verildi. İmruz Əfəndiyeva öz çıxışnda Rauf Bəhmənlini təbrik etdi və bu kitabın cəmiyyət üçün nə qədər önəmli olduğunu vurğuladı.
Növbəti çıxış sənətşünaslıq üzrə fəlsəfə doktoru ,professor Arif Əsədullayevə verildi. Arif Əsədullayev çıxışında qeyd etdi ki, hər bir şəxsin yaratdığı mənbə xalq üçün nəzərdə tutulmalı və hər bir şəxs cəmiyyət üçün , mədəniyyət üçün dəyərli mənbə qoymalıdır.Arif Əsədullayev bu kitabı çox yüksək dəyərləndirərək Rauf Bəhmənliyə öz təşəkkürünü bildirdi və bu işin davam etməsini tövsiyyə etdi.
Tədbirin sonunda xalq artisti , böyük elmi işçi, dosent Zümrüd Məmmədova, aparıcı elmi işçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İmina Əliyeva, aparıcı elmi işçi , bəstəkar Rüfət Ramazanov və laboratoriyanın digər əməkdaşları Rauf Bəhmənlini təbrik etdi və ona yaradıcılıq işlərində uğurlar arzuladırlar.
Son olaraq tədbirdə professor, SSRİ və Azərbaycanın xalq artisti, rektor Fərhad Bədəlbəyli , elmi redaktor, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadəyə, elmi tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadəyə , professor, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar incəsənət xadimi, bəstəkar Elnarə Dadaşovaya və sənətşünaslıq üzrə fəlsəfə doktoru, böyük elmi işçi Rauf Bəhmənliyə diplom və simvolik hədiyyələr təqdim edildi.
Elmi tədqiqat laboratoriyasının
aparıcı elmi işçi, sənətşünaslıq üzrə
fəlsəfə doktoru, dosent
R.A.Süleymanova