• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    16 iyun 2022-ci il

     Əziz və Hörmətli Fidan xanım Qasımova!

    Sizi doğum gününüz münasibətilə Bakı Musiqi Akademiyasının kollektivi adından ürəkdən təbrik edir, can sağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!

     Qeyd edək ki, bu il 2022-ci il 17 iyun tarixində dünya şöhrətli opera ifaçısı F.Qasımovanın 75 yaşı tamam olur.

    Musiqi incəsənətimizi dünyada tanıdan, səsi ilə hər kəsin qəlbini fəth edən, Azərbaycanın görkəmli opera müğənnisi, pedaqoq, SSRİ və Azərbaycan Xalq artisti, "Şöhrət", "Şərəf" və “İstiqlal” ordenli  Fidan Əkrəm qızı Qasımovadır.

    İfaçı hələ gənclik illərindən respublika və beynəlxalq müsabiqələrdə, festivallarda çıxış edərək, ölkəmizə böyük nailiyyətlər qazandırmışdır. O, bizim vokal məktəbini beynəlxalq səviyyəyə yüksəldərək, Beynəlxalq müsabiqələr laureatı adına layiq görülmüş ilk azərbaycanlı qadın opera ifaçısıdır. Belə ki, o, 1973-cü ildə İsveçrənin paytaxtı Cenevrədə keçirilmiş vokalistlərin beynəlxalq müsabiqəsinin finalında C.Puççininin “Bohema” operasından oxuduğu Miminin ariyası Avropa musiqisevərlərini sehrləmiş, münsiflər heyəti onu gümüş medala layiq görmüşdür. O, 1975-ci ildə  Niderlandda keçirilən beynəlxalq müsabiqədə iştirak edərək, ikinci yeri tutmuş və laureat adını qazanmışdır. 1977-ci ildə İtaliyada musiqiçilərin C.Viotti adına müsabiqəsinin birinci mükafatına layiq görülməsi ifaçının ən yüksək mükafatı. Bu müsabiqə ifaçıya çox böyük dünya  məhşurluğu qazandırdı. Belə ki, Fidan xanım Beynəlxalq müsabiqələr laureatı adına layiq görülmüş ilk azərbaycanlı qadın müğənni kimi adını musiqi tarixinə yazdırır.

    Fidan xanımın ifalarından ibarət çoxlu sayda CD diskləri işıq üzü görmüşdür. Onlardan biri 2008-ci ildə “Eta Production” studiyasında yazılmış  “Besame mucho” adlı albomu  məhz ölkənin birinci xanımı Mehriban Əliyevaya həsr olunmuşdur.

    F.Qasımova böyük sənət yolu keçmişdir. Məşhur opera əsərlərindən ən çətin opera rollarını uğurla ifa etmişdir. İfaçının yaratdığı unudulmaz obrazlar qalereyası – Dezdemona, (“Otello” – Cüzeppe Verdi), Toska, Turandot, Mimi, Çio-Çio-san (“Toska”, “Turandot”, “Bohema”, “Çio-Çio-san” – Cakomo Puççini), Mikaela (“Karmen” – Jorj Bize), Tatyana (“Yevgeni Onegin” – Pyotr Çaykovski), Nigar (“Koroğlu” – Üzeyir Hacıbəyli), Marqarita (“Faust” – Şarl Fransua Quno), Sevil (“Sevil” – Fikrət Əmirov) və digərlərindən ibarətdir. Onun zəngin repertuarına çox geniş miqyasda müxtəlif dövr (barokko, klassisizm, romatizm, verizm və s.) Qərbi Avropa bəstəkarlarının (Alessandro Stradella, İohan Sebastyan Bax, Georq Fridrix Hendel, K.V.Qlyuk, Folkanyeri, Kaççini), müxtəlif janrda olan əsərləri, Azərbaycan bəstəkarlarından Üzeyir Hacıbəyli, Asəf Zeynallı, Qara Qarayev, Arif Məlikov, Niyazi, rus bəstəkarlarından Mixail Qlinka, Pyotr Çaykovski, Sergey Raxmaninov, və başqalarının kamera-vokal əsərləri, eləcə də Azərbaycan xalq mahnıları – “Laçın”, “Qubanın ağ alması”, “Girdim yarın bağçasına” və s. daxildir.

    Müğənni Amerika, Almaniya, İspaniya, Portuqaliya kimi Avropa ölkələrinin nəhəng konsert zallarında əvəzolunmaz ifası ilə dinləyiciləri səsinə heyran  etmişdir. Fidan Qasımova dünyada tanınmış opera teatrların səhnələrində çıxış etmişdir.Onların sırasında Bolşoy teatr (Moskva), Mariinskiy teatr (Sankt-Peterburq), Budapeşt opera teatrı, Praqa opera teatrı və s. adlarını misal çəkə bilərik.

    2016-ci ildə dünya musiqi xəzinəsinə bəxş etdiyi tövhələrə görə Böyük Britaniyanın Kembric Universitetinin tərtib etdiyi ensiklopediyanın 38-ci cildində dünyanın ən tanınmış ifaçısı adına layiq görülərək, xüsusi diplomla mükafatlandırılmışdır. F.Qasımova Azərbaycanın musiqi mədəniyyətində bu ali mükafata layiq görülən yeganə ifaçıdır. Xarici mətbuat isə onun sənətini “Xəzər sahilindən olan möcüzə” və digər adlarla dəyərləndirib.

    Böyük sənətkarın adı müxtəlif ixtisaslar üzrə görkəmli olan Sovet İttifaqı dövründə çap olunan “Dünyanın 100 qadını” adlı kitabına salınmışdır.

    İfaçılıq fəaliyyəti ilə yanaşı pedaqoji fəaliyyətini də paralel şəkildə aparan ifaçının bu sahədə olan zəhməti xüsusi qeyd olunmalıdır. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Solo oxuma və opera hazırlığı” kafedrasının professoru F.Qasımova 1974-cü ildən istedadlı gənclərə xeyli vaxt sərf edir, yorulmadan yeni gənc vokalçılar nəslini yetişdirməklə məşğul olur. Bu istedadlı vokalçılar arasında beynəlxalq müsabiqələrin diplomantları, laureatları, əməkdar və xalq artistləri də vardır. Onlar da müəllimlərinin yolunu həm vətəndə, həm də ölkə hüdudlarından kənarda uğurla davam etdirərək, opera sənətimizi xarici ölkələrdə layiqincə təmsil edirlər. Azərbaycan Əməkdar artisti (1977), Azərbaycan Xalq artisti

     (1984), SSRİ-nin  Xalq artisti (1988) fəxri adlarına layiq görülmüş, Azərbaycan Dövlət Mükafatı laureatı (1984) olan F.Qasımova 1990-cı ildən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, 1992-ci ildən Türkiyənin İstanbul Dövlət Konservatoriyasının professorudur.

    F.Qasımovanın musiqi incəsənəti sahəsindəki xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Ümummilli lider Heydər Əliyev tərəfindən “Şöhrət” ordeninə, Prezident İlham Əliyevin sərəncamı ilə “Şərəf” və “İstiqlal” ordenlərinə layiq görülmüşdür.

    Ad günü münasibətilə Böyük Sənətkarımızı ürəkdən təbrik edirik! 

    https://xalqqazeti.com/az/news/104070

     https://xalqqazeti.com/pdf/12%20iyun%202022.pdf