• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    16 iyun 2022-ci il

    Akustik və elektron musiqi alətlərinin, həmçinin müasir elektron musiqi texnikasının inkişaf tendensiyaları.

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi - tədqiqat laboratoriyasının böyük elmi işçisi Zeynal İsayev və aparıcı elmi işçi, bəstəkar Rüfət Ramazanovun “Akustik və elektron musiqi alətlərinin, həmçinin müasir elektron musiqi texnikasının inkişaf tendensiyaları” mövzusunda birgə elmi seminarı keçirilmişdir.

    Məruzəçi Zeynal İsayev öncə səs nəzəriyyəsi və fiziki akustika haqqında qısa məlumat vermişdir. Daha sonra musiqi səslərinin struktur quruluşu, akustik musiqi alətləri anlayışı, müasir elektron musiqi alətləri haqqinda geniş məlumat verən  məruzəci elektron musiqi texnikası vasitələri, xüsusilə NAMM- beynəlxalq musiqi nailiyyətləri sərgisi, Nord Stage 3 və Nord Electro 6D ALL Playing elektropianoları, Sonuus i2M və Sonuus G2M V2 (Sonuus G2M V3) musicport with Dan Lawson sistemləri, müasir ağıllı LAVA ME 3 və LAG HyVibe THV10DCE  tipli Smart Gitaralar, süni şəkildə bek-vokal yarada bilən müxtəlif vokal prosessorları, vokalın notlar üzrə korreksiyası sistemi, KORQ PA seriyalı Sample Sounds sempl oxudan musiqi maşınları haqqında maraqlı informasiyaları  seminar iştirakcıları ilə bölüşmüşdür. O, qeyd etmişdir  ki, indi artıq səslərin sintezı aparılmır və bütün səslər sempllər, yəni canlı səslərdir. Hal hazırda müasir elektron musiqi alətlərinin və elektron musiqi texnikası vasitələrinin imkanları olduqca böyükdür. Bu imkanların da böyük əksəriyyətindən təəssüf ki, azərbaycan musiqiçiləri hələ tam və düzgün istifadə etmirlər.

    Məruzəçi Rüfət Ramazanov müasir elektron musiqi alətləri və elektron musiqi texnikası vasitələrinin müasir musiqi yaradıcılığında və bəstəkarlıqda tətbiqinin əsas xüsusiyyətləri, habelə müasir kino musiqiləri və digər musiqi əsərlərinin yaranmasında onların rolu haqqında ətraflı məruzə etmişdir.

    Seminar iştirakçılarından Azərbaycanın Xalq artisti, professor Ramiz Quliyev, Azərbaycanın Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Arif  Əsədullayev, Azərbaycanın Xalq artisti, professor Zümrüd Məmmədova seminar haqqında öz fikirlərini bildirərək maraqlı mülahizələrlə bölüşmüşlər.

    Sonda  elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə seminara yekun vuraraq məruzəçilərə bu maraqlı mövzunun gələcəkdə də silsilə şəklində davam etdirilməsini tövsiyə etmişdir.

     

    Sevda İsayeva

    kiçik elmi işçi