24 may 2022-ci il
Maestro Niyazi – dirijor və bəstəkar
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi - tədqiqat laboratoriyasının böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Məhəmməd Vəliyevin Azərbaycanın görkəmli bəstəkarı, SSRİ Xalq artisti Niyazinin 110 illiyinə həsr olunmuş ” Maestro Niyazi – dirijor və bəstəkar” mövzulu elmi seminarı keçirilmişdir.
Məruzəçi Hacıbəyovlar ailəsinin görkəmli nümayəndəsi Niyazi Zülfüqar oğlu Tağızadə-Hacıbəyovun Azərbaycan musiqi tarixində müstəsna rolunu qeyd edərək, bəstəkarın həyat və yaradıcılığını özünəməxsus tədqiqat bucağından araşdıraraq seminar iştirakçılarının diqqətinə çatdırdı. Zəngin yaradıcılıq irsinə malik olan görkəmli bəstəkarın rəngarəng həyat palitrasının mərhələlərini araşdıran M.Vəliyev məruzə zamanı bir sıra maraqlı faktlar və şəxsi mülahizələri ilə dinləyicilərlə bölüşdü.
Niyazinin 1938-ci ildə “Azərbaycan incəsənəti günləri” çərçivəsində Moskvada ilk böyük müvəffəqiyyətli çıxışından bəhs edən məruzəçi, bəstəkarın sonrakı illərdə də, mədəniyyət tariximizə bəxş etdiyi misilsiz töhfələri və nailiyyətlərini qeyd edərək, əsil sənət fədaisi maestro Niyazinin ölməz dühasını əks etdirən yaradıcılığı haqqında ətraflı məruzə etdi.
Daha sonra Azərbaycanın Xalq artisti, Əməkdar incəsənət xadimi, professor Ülviyyə Hacıbəyovanın ifasında Niyazinin “Etüd”, “Prelüd”, “Skertso”, “Adajio” və s. fortepiano əsərləri səsləndirildi.
Sonda elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə, Azərbaycanın Xalq artisti, professor Zümrüd Məmmədova, Əməkdar incəsənət xadimi , sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Arif Əsədullayev, aparıcı elmi işçi, bəstəkar Rüfət Ramazanov, böyük elmi işçi Zeynal İsayev, elmi işçi Nigar Bayramova seminar haqqında öz fikirlərini bildirərək maraqlı mülahizələrlə bölüşdülər.
Mehparə Rzayeva
böyük elmi işçi,
sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent