6 may 2022-ci il
FHN-in Akademiyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş VII elmi-texniki konfrans keçirilmişdir.
06 may 2022 – ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında professor – müəllim heyətinin iştirakı ilə ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99 – cu il dönümünə həsr olunmuş “Fövqəladə hallarla mübarizənin aktual problemləri” mövzusunda VII elmi – texniki konfrans keçirilib. Konfransda bir çox ali təhsil müəssisələrinin nümayəndələri və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasından Mülki Müdafiə qərargahının rəisi Səlimova Səidə iştirak etmişdir.
Əvvəlcə, Akademiyanın həyətində ulu öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyulub, Ümummilli Liderin əziz xatirəsi ehtiramla yad edilib. Sonra konfrans iştirakçıları Akademiyada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi, ali təhsil müəssisəsinin 10 illik fəaliyyətini əks etdirən Muzey ilə tanış olublar.
Dövlət Himninin səsləndirlməsi ilə başlanan konfransı giriş sözü ilə açan FHN Akademiyasının rəisi general - mayor Baba Salayev ümummilli liderimiz Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” fikrini sitat gətirərək qeyd edib ki, Ulu Öndər hakimiyyətdə olduğu bütün dövrlərdə elm və təhsilin inkişafını xüsusi diqqətdə saxlayaraq cəmiyyətin bütün sahələrində yüksək ixtisaslı kadrların yetişdirilməsinə nail olub. Bu gün də ölkəmizin qarşısında duran strateji vəzifələrdən biri insan kapitalının inkişafı, hər bir şəxsin müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsidir. Akademiyanın rəisi xüsusilə vurğulayıb ki, Ümummilli Liderin müdrik siyasətinin layiqli davamçısı olan dövlət başçısı cənab Prezident İlham Əliyev tərəfindən ölkəmizdə elmin inkişafına böyük diqqət və qayğı göstərilir.
Konfrans sonra plenar iclasla davam etdi. İclası FHN Akademiyasının rəisi, general – mayor Baba Salayev bildirdi və sözü tədbirdə iştirak edən məruzəçilərə verdi. Tədbirin bu hissəsində Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunun icraçı direktoru professor Əminağa Sadıqov, Bakı Ali Neft Məktəbinin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” kafedrasının dosenti texnika üzrə fəlsəfə doktoru Leyla Muradxanlı, FHN Akademiyasının “Təbiət və fundamental fənlər” kafedrasının professoru Xalid Həsənov və həmin kafedranın müəllimi Elvira Qurbanova, Akademiyanın “Həyat fəaliyyətinin təhlükəsizliyi ixtisas fənləri” kafedrasının baş müəllimi leytenant Maya Qurbanova məruzələrlə çıxış ediblər.
Daha sonra konfrans ayrı – ayrılıqda 3 bölmə olaraq, bölmə iclasları ilə davam edib.Bölmələrin iclaslarında Fövqəladə Hallar Nazirliyinin Akademiyasının və ölkənin bir sıra ali məktəblərinin nümayəndələri müxtəlif mövzular üzrə məruzələrlə çıxışlar etmiş və dinləyicilar tərəfindən maraqla qarşılanmışdır.
Tədbirin sonunda fərqlənən konfrans iştirakçıları o cümlədən, Bakı Musiqi Akademiyasının Mülki Müdafiə Qərargahının rəisi Səidə Səlimova Fövqəladə Hallar Nazirliyinin Akademiyasının fəxri fərmanı ilə təltif olunublar.