• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    13  may 2022-ci il

    13 may 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında BMA-nın "Humanitar fənnlər kafedrası"nın müdiri, Filalogiya elmləri doktoru, professor Tərlan Quliyevin "Əruz vəzni və musiqi" adlı mühazirəsi dinlənildi.

    Professor mühazirəsi zamanı əruz vəzninin xüsusiyyətlərini xarakterizə edən cizgilərdən bəhs etdi. Eyni zamanda T.Quliyev vəznin Azərbaycan muğamları və Azərbaycan dili ilə qarşılıqlı əlaqələrindən söhbət açaraq, bildirdi ki, əruz vəzninin Azərbaycan poeziyasında bütövlükdə 12 bəhri işlənir və bizim qəzəliyyat bu bəhrlərdə yazılıb. Eyni zamanda Azərbaycan muğamları qəzəllərə söykəndiyinə görə bəstəkarlar, xanəndələr əruz mütləq vəzninin bilməli və musiqi bəstələyən zaman, öz ifaları zamanı əruz vəzninin tələblərinə riayət etməli olduqlarını qeyd etdi.

    T.Quliyev: "Məsələn, ustad xanəndə Hacıbaba Hüseynov öz ifasında əruzun, qəzəlin tələblərinə demək olar ki, tam şəkildə riayət etmişdir. Çox təəssüf ki, bir çox bəstəkarların əsərlərində, xanəndələrin ifasında əruzun tələblərinə əməl olunmur. Onlar vəznin xüsusiyyətlərini nəzərə almadan muğam ifa edirlər. Ona görə də şairlər, bəstəkarlar, xanəndələr mütləq əruzu bilməli, öyrənməlidirlər.

     Bunun üçün də Bakı Musiqi Akadeniyasının magistratura şöbəsində biz bu fənni tədris edirik, onun sirrlərini gənc bəstəkarlara, musiqişünaslara öyrədirik".

    Professor Tərlan Quliyevin məruzəsini böyük maraqla dinləyən auditoriya, belə mühazirələrin davamlı olmasını arzu etdilər.