• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    21 aprel 2022-ci il

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi:

    Orqanologiya və Akustika" elmi-tədqiqat laboratoriyası və Azərbaycan Dövlət Pedaqoji Universiteti İncəsənət və Fiziki Tərbiyə Fakültəsinin təşkilatçılığı ilə “ Müasirimiz  bəstəkar Rüfət Ramazanovun yaradıcılığı”  mövzusunda,  böyük elmi işçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Mehparə Rzayevanın   seminar-təqdimatı  ADPU-nin İncəsənət və Fiziki Tərbiyə Fakültəsinin tədris binasının zalında keçirilmişdir.

    Seminarın əsas məzmunu Mehparə Rzayevanın yenicə dərc olunmuş “Müasirlərimiz: bəstəkar Rüfət Ramazanov” adlı monoqrafiyasının təqdimatından ibarət idi.  Elmi redaktor Ü.Hacıbəyli adına BMA-nın elmi işlər üzrə prorektoru, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə, rəyçilər: Azərbaycan Respublikasının Xalq artisti, Bəstəkarlar İttifaqının İdərə Heyətinin üzvü, professor  Azər  Dadaşov və Ü.Hacıbəyli adına BMA-nın nəzəriyyə kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın professoru  Könül  Nəsirova olan monoqrafiya BMA-nın Elmi Şurasının qərarına əsasən 2021-ci ildə dərc olunmuşdur.

    Seminarı açıq elan edən elmi-tədqiqat laboratoriyasının müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə təqdimatın əsas məqsədinin müasir bəstəkar yaradıcılığının gənc nəslə çatdırılmalı olduğunu qeyd etdi. Bundan əlavə elmi-tədqiqat laboratoriyası olaraq mütəmadi şəkildə müxtəlif tədris ocaqlarında, elm və mədəniyyət mərkəzlərində seminar və  konfranslarda iştirak edildiyini, aparılan elmi tədqiqatların geniş auditoriyalara çatdırıldığını qeyd etdi.

    Daha sonra söz məruzəçi, böyük elmi işçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Mehparə Rzayevaya verildi. M.Rzayeva müəllifi olduğu “Müasirlərimiz: bəstəkar Rüfət Ramazanov” adlı monoqrafiyasını seminar iştirakçılarına təqdim edərək,  çağdaş dövrümüzün müasir bəstəkarlıq məktəbinin nümayəndəsi Rüfət Ramazanov haqqında  ilk iri həcimli tədqiqat işi olduğunu bildirdi. Çıxışını davam edən məruzəçi R.Ramazanovun  yaradıcılığının ən parlaq nümunələri üzərində dayanaraq ətraflı məlumat verdi.  Bəstəkarın simfonik, kamera-instrumental, vokal, orqan musiqi yaradıcılığından bəhs edən M.Rzayeva müəllifin əsərlərindən ara-sıra səsləndirərək təqdimatı daha da canlı və maraqlı edirdi. 

    Seminarda  R.Ramazanovun “Əsrin dahisi”  simfonik poeması,  “And”  xanəndə və orqan üçün poema, fortepiano pyesi  və “Hapıtlar” sənədli  kinofilmindən musiqi səsləndirildi.

    Seminarın sonunda çıxış edən  ADPU-nin İncəsənət və Fiziki Tərbiyə Fakültəsinin dekanı, dosent Laçın Həsənova  məruzəçi M.Rzayevanı və bəstəkar R.Ramazanovu təbrik edərək, bu kimi tədbirlərin keçirilməsinin vacibliyini vurğuladı. Ü.Hacıbəyli adına BMA-nın elmi tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru N.İsmayılzadəyə gələcəkdə də bu qəbildən olan görüşlərin keçirilməsinin labüdlüyünü bildirən L.Həsənova  bütün seminar iştirakçılarına təşəkkürünü bildirdi.

    Daha sonra çıxış edən ADPU-nin İbtidai Sinif Fakültəsinin dekanı, pedaqogika üzrə elmlər doktoru, professor Fərrux Rüstəmov  keçirilən seminardan və ümumi abu-havadan məmnun qaldığını bildirərək, məruzəçi M.Rzayevaya və seminar iştirakçılarına uğurlar arzu etdi.

    Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Arif Əsədullayevin,  ADPU-nin musiqi və onun tədrisi texnologiyasının kafedra müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor  Zemfira Abdullayevanın, ADPU-nin müəllim-tələbə heyətinin və Ü.Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının əməkdaşlarının iştirakı ilə keçirilən  seminar-təqdimat  xatirə fotoşəkillərinin çəkdirilməsi ilə yekunlaşdı.

     Mehparə Rzayeva

    böyük elmi işçi,

    sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent