4 aprel 2022-ci il
Süleyman Ələsgərovun yaradıcılığında milli musiqi alətlərindən istifadə
Ü.Hacıbəyli adına BMA-nın “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və akustika” elmi-tədqiqat laboratoriyasının elmi işçisi Bəsti Kazımovanın “Süleyman Ələsgərovun yaradıcılığında milli musiqi alətlərindən istifadəsi” mövzusunda elmi seminarı keçirilmişdir.
B.Kazımova öz çıxışında, Azərbaycan Respublikasının, Xalq artisti, Dövlət mukafatı laureatı, Şöhrət ordenli, professor Süleyman Ələsgərovun milli musiqi sənətimizin inkişafında böyük xidmətləri olan bəstəkarlardan biri olduğunu qeyd etdi. Ü.Hacıbəyli məktəbinin layiqli davamçılarından biri olan S.Ələsgərovun yaradıcılığı çox geniş, əhatəli və rəngarəngdir. S.Ələsgərov milli musiqi alətlərinə bağlı bir bəstəkar olmuşdur. Bəstəkar yaradıçılığının bütün mərhələlərində milli musiqi alətləri ilə xalq çalğı alətləri orkestrinin müşayiəti üçün əsərlər yaratmışdır. Ötən əsrin 70-90-cı illərində yaranan tar ilə orkestr üçün üç konsertində tar ilə “Daimi hərəkət”, kamança ilə orkestr üçün “Tarantella”, qanun üçün “Poema” kimi əsərlərində muğam xalq instrumental ifaçılığına xas olan bir sıra ifa üsulları məharətlə tətbiq edilmişdir. Bəstəkarın “Qarabağ təranələri” rapsodiyasında orkestr partiturasında milli musiqi alətləri ilə yanaşı simfonik orkestrin bəzi alətləri də daxil edilmişdir.
B.Kazımova qeyd etdi ki, S.Ələsgərovun əsərləri milli musiqi alətlərinin geniş imkanlarını nümayiş etdirərək musiqi xəzinəmizi zənginləşdirmişdir.
Seminarda məruzəçi bəstəkar S.Ələsgərovun əsərlərinin video səslənməsini təqdim etdi.
Sonda, elmi–tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə, aparıcı elmi işçi, bəstəkar Rüfət Ramazanov mövzu ətrafında dəyərli fikirlərini bildirdilər.
Elmi–tədqiqat laboratoriyasının elmi işçisi
Nərminə Hüseynova