31 mart 2022-ci il
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika" elmi-tədqiqat laboratoriyasının bu günki iş iclası 31 mart –Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmişdir.
Elmi tədqiqat laboratoriyasının müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent N.İsmayılzadə bu günün 31 mart –Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmasının vacibliyini vurğulayaraq, 1918-ci ilin mart hadisələrinin miqyasına və nəticələrinə görə Azərbaycan tarixində ən faciəli günlərdən biri olduğunu bildirdi. Məhz bu tarixdə məkrli ermənilərin vəhşilikləri nəticəsində soyqırım aktı həyata keçirilib, nəticədə Bakı və onun ətraf rayonlarının dinc əhalisindən on minlərlə azərbaycanlı qətlə yetirilmişdir.
Mövzunu tarixi faktlarla davam etdirmək üçün söz elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi Ə.Əliyevə təqdim edildi. Ə.Əliyev “ 1918-ci ilin mart hadisələri ərəfəsində siyasi partiya və təşkilatların mövqeləri” adlı mövzusu ilə çıxış etdi. O, bildirdiki, mart hadisələri əsasən Bakı və onun ətraf rayonlarının müsəlman əhalisi arasında minlərlə qurbana səbəb olan millətlərarası toqquşmalar xarakteri daşıyırdı. Mart soyqırımının əsas təşkilatçısı S.Şaumyanın başçılıq etdiyi Bakı Sovetinin rəhbərliyi idi. Soyqırımda həlak olan Azərbaycanlılar erməni millətçilərinin tarixi torpaqlarımızda qondarma erməni dövləti yaratmaq ideyasını həyata keçirməsi yolunda qurban olmuşlar. Bir sıra tarixi faktlarla çıxışını davam etdirən Ə.Əliyev “ 1918-ci ilin mart hadisələri ərəfəsində siyasi partiya və təşkilatların mövqeləri” adlı mövzusunun, BDU-də dərc olunan “ Tarix və onun problemləri” elmi jurnalının mart hadisələrinə həsr edilmiş xüsusi buraxılışında tarix elmləri doktoru, dosent A.Rzayev ilə həmmüəllif olduğu eyni adlı məqalənin yer alacağını bildirdi.
Məqalədə təqdim olunan təhlil, hadisələrin düzgün elmi dərk edilməsi və Azərbaycan xalqının tarixi yaddaşına müraciətin zərurətini aktuallaşdırır deyən Ə.Əliyev aparılan elmi tədqiqatlarda erməni vəhşiliklərinin hələ bir çox açılmayan tərəflərinin aşkar olunacağını bildirdi.
İclasın sonunda elmi-tədqiqat laboratoriyasının əməkdaşları 31 mart hadisələri ilə bağlı müxtəlif fikir mübadilələri apardılar.
Mehparə Rzayeva
böyük elmi işçi,
sənətşünaslıq üzrə fəlsəfə doktoru.