• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    29 mart 2022-ci il        

    Şeir və musiqinin vəhdəti

    Ü.Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasında 29 mart 2022-ci il tarixində elmi-tədqiqat laboratoriyasının əməkdaşları bəstəkar Rüfət Ramazanov və doktorant Nigar Bayramovanın birgə layihəsi olan “Şeir və musiqinin vəhdəti” adlı elmi-seminar keçirildi. Seminarın mövzusundan məlum olduğu kimi seminarda əməkdaşımız Nigar Bayramova şeir və musiqinin tətbiqindən, poeziyada musiqinin poetik intonasiyasının mövcudluğundan, şeirin sirayətedici ritmə, musiqiyə qayıdışı və lirizmin mahiyyətindən söhbət açmışdır. Daha sonra Nigar Bayramova elmi-tədqiqat laboratoriyasının nəzdindəki studiyasında əməkdaşımız – aparıçı elmi işçi, Bİ-nın İdarə heyətinin üzvü Rüfət Ramazanovun iştirakı ilə yazdırdığı Azərbaycanın əməkdar incəsənət xadimi şair Tofiq Bayramın “Azərbaycan deyəndə” və Xalq şairi Zəlimxan Yaqubun “Xocalım, ay Xocalım” şeirlərini səsləndirdi. Rüfət Ramazanov bildirdi ki, bu şeirlərin ifası üzərində heç bir hazır musiqisindən istifadə etməyib, əksinə şeirlərin bədii qiraəti üçün məxsusi olaraq musiqi bəstələmişdir. Bəstəkar hər bir şeirin öz ideyasına, öz məzmununa, öz daxili məntiqinə xas olan musiqini yaradıb onun üzərinə həm xranometrajlıq, həm də obrazın dramatikliyi baxımından uyğun olan musiqi bəstələmişdir. Seminarda iştirak edən Azərbaycanın əməkdar incəsənət xadimi, professor Arif Əsədullayev əməkdaşları təbrik edərək onların hazırladıqları işin yeni bir janrın yaranmasının əsası kimi də qiymətləndirdiyini bildirdi. O, qeyd etdi ki, bu, poeziyada bədii qiraət formasının professional ifadəsinə bir növ çağırışdır. 

    Sonda elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nuridə İsmayılzadə bu janrın yeni tədqiqat işi kimi qəbul edilməsini, mədəniyyət və incəsənət tədbirlərində, televiziya proqramlarında bu təcrübədən istifadə olunmasını  təklif etdi. Əməkdaşlardan xalq artisti Zümrüd Məmmədova, aparıcı elmi işçi Zeynal İsayev və sənətşünaslıq üzrə fəlsəfə doktoru Rauf Bəhmənli də öz ürək sözlərini və təkliflərini bildirdilər. 

    Azərbaycanın görkəmli filosof alimlərindən biri olan akademik Fuad Qasıımzadənin təbirincə desək:  “Şeirlə musiqinin vəhdəti, südlə şəkərin bir-birinə qovuşmasına bənzəyir”.  Bu fikrə əsaslanaraq, doğurdan da qeyd etmək istərdik ki, musiqiylə poeziyanın bu dərəcədə bir-birinə yaxın olması və professionallıq nöqteyi nəzərdən onların vəhdəti çox maraqlı nəticələr əmələ gətirir ki, bu günki seminar da onun bariz nümunəsi oldu.    

     

     Elmi-tədqiqat laboratoriyasının

     böyük elmi işçisi Zeynal  İsayev