• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    15 mart 2022-ci il        

    Çahargah muğam dəstgahının ifa məziyyətləri

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan  professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi-tədqiqat laboratoriyasının təşkilatçılığı ilə 2022-ci il 15 mart  tarixində Əməkdar incəsənət xadimi,  sənətşünaslıq üzrə fəlsəfə doktoru professor  Arif  Əsədullayevin “Çahargah muğam dəstgahının ifa məziyyətləri” mövzusunda  elmi seminarı BMA-nın Böyük zalında keçirildi. 

    “Çahargah” özü qəhrəmani, çağırış, vətənpərvər bir ruhda  parlaq, dərin dramatik məzmunlu dəstgahdır. Üzeyir bəyin söylədiyi “Çahargah dinləyicidə çoşqunluq və ehtiras hissi oyadır” -  fikrinə əsaslana bilərik. Elə seminarımız da bu muğam dəstgahı ilə bağlıdır.

    Elmi seminarı BMA-nın elm və yaradıcılıq işləri üzrə prorektor, f.e.d., professor G.Abdullazadə açaraq seminarın təşkilatçılarına, əsasən də BMA-nın rəhbərliyinə minnətdarlığını bildirib, sözü Arif Əsədullayevə təqdim etdi. Arif müəllim seminarda təqdim olunacaq “Çahargah” filmi haqqında öz düşüncələrini, xatirələrini, ürək sözlərini söyləyərək geniş auditoriyada səmimi və gözəl abu-hava yaratdı.

    Seminar zamanı Arif Əsədullayevin  “Cahargah” filmi böyük təntənə ilə nümayiş olundu. Filmdə xanəndələrin ifasında “Çahargah” muğam dəstgahının bütün guşə və şöbələri ardıcıl olaraq səsləndi. Tanınmış xanəndələr M.Bağırzadə, S.Mirzəyev, Z.Quliyev, Z.Nəbiyev, S.Sarıyevanın ifasında tam muğam dəstgahı ifa olundu. İstrumental ifaçılar  F.Əliyev, A.Abdullayev, Ş.Eyvazova idi. “Çahargah” muğam dəstgahının sonuncu bölməsi “Mənsuriyyə” bütün dəstgahı təntənəli şəkildə tamamladı.  Film dinləyicilər tərəfindən böyük alqış sədalarına səbəb oldu.

    Filmin nümayişindən sonra BMA-nın elmi-tədqiqat laboratoriyasınıın müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə çıxışında elmi seminarın gənclər üçün böyük məktəb olmasını vurğulayaraq maariflənmə prinsiplərini qeyd edib, sözü xalq artisti, professor  Ramiz Quliyevə təqdim etdi. Ramiz müəllim çıxış edərək hamıya öz minnətdarlığını bildirib, ürək sözlərini, təbriklərini söylədi.

    Elmi seminarda BMA-nın rektoru, xalq artisti, professor F.Bədəlbəyli, tədris hissə prorektoru profesor N.Quliyeva, xalq artistlər, professor R.Quliyev, professor V.Məmmədəliyev,  F.Əliyev, Q.Abbasov, Z.Nəbizadə, Z.Məmmədova, A.Nəcəfzadə, BMA-nın elmi-tədqiqat laboratoriyasının  əməkdaşları, professor-müəllim və tələbə heyəti iştirak edirdi.  

    Ü.Hacıbəyli adına Elmi-tədqiqat laboratoriyasının elmi işçisi

    Nəsirova Fidan