10 mart 2022-ci il
“İllər sonra bərpa olunan ocaq”
2022-ci il “Şuşa ili” çərçivəsində Ü.Hacıbəyli adına BMA-nın “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və akustika” elmi tədqiqat laboratoriyasında elmi işçi Günay Həsənovanın “İllər sonra bərpa olunan ocaq” mövzusunda seminarı keçirildi.
Məruzəçi G. Həsənova xalqımız üçün müqəddəs və əziz olan Qarabağın tacı Şuşa şəhərini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 7 may tarixli sərəncamı ilə ölkənin mədəniyyət paytaxtı elan etməsini, bu sərəncamla Vaqif poeziya günləri və “Xarıbülbül” festivalının bərpa olunmasını, 2021-ci il mayın 12-13-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın 29 ildən sonra “Xarıbülbül” musiqi festivalına ev sahibliyi etməsini və 2022-ci il yanvarın 5-də isə “Şuşa ili”nin elan olunmasını vurğuladı.
Qədim Şuşa şəhərinə dair tarixi faktları diqqətə çatdıran məruzəçi, öz çıxışını Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış Xalq artisti Bülbülün avqustun 29-da Şuşa şəhərində ev muzeyinin illər sonra açılışı haqqında məlumatlarla davam etdirdi. Ev muzeyinin 1992-ci ildə Birinci Qarabağ münaqişəsi zamanı erməni vandalizminə məruz qalaraq fəaliyyətini dayandırması , işğal zamanı bütün əşyaların qarət edilməsi və bu əşyalar arasında Bülbülün qavalı, xanəndə kostyumu, Elmi Tədqiqat Musiqi Kabinetində istifadə etdiyi royal, frak, afişalar, bir sıra sənədlərinin əslinin məhv edilməsi haqqında faktları seminar iştirakçılarına çatdıran G.Həsənova muzeyin həyətində Bülbülün yeni büstünün ucaldılmasını və eyni zamanda erməni vəhşiliyi və vandalizminə məruz qalmış büstün son görüntüsünü də ziyarətçilərə aydın şəkildə göstərilməsi üçün həyətdə saxlanılması barədə auditoriyanı məlumatlandırdı.
Müxtəlif tarixi faktlara əsaslanan fotoşəkillər və video çarx nümayiş etdirən məruzəçi , Bülbülün həyat və yaradıcılığını əks etdirən çıxışının sonunda “Şuşa ili “ çərçivəsində Respublikada keçiriləcək tədbirlər planı haqqında da geniş məlumat verdi.
Sonda elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə məruzəçinin çıxışını yüksək qiymətləndirərək, “Şuşa ili” çərçivəsində laboratoriyada keçirilməsi nəzərdə tutulan tədbirlər haqqında məlumat verdi. Daha sonra Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Arif Əsədullayev, böyük elmi işçi Zeynal İsayev, böyük elmi işçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rauf Bəhmənli və aparıcı elmi işçi, bəstəkar Rüfət Ramazanov seminarla bağlı öz fikirlərini bildirdilər.
Ruqiyyə Süleymanova
aparıcı elmi işçi,
sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent