23 fevral 2022-ci il
Xocalı faciəsinin tarixi əsərlərdə və musiqi mədəniyyətində təzahürü
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi-tədqiqat laboratoriyası və Bakı Dövlət Universitetinin Tarix fakültəsinin təşəbbüsü və təşkilatçılığı ilə birgə 2022-ci il 23 fevral tarixində hazıladıqları Xocalı faciəsinin ildönümünə həsr olunmuş “Xocalı faciəsinin tarixi əsərlərdə və musiqi mədəniyyətində təzahürü” mövzusunda BDU-nun Akt zalında elmi sessiya keçirilmişdir.
Belə ki, elmi sessiyanı BDU-nun Tarix fakültəsinin dekanı, tarix üzrə elmlər doktoru, professor İbrahim Zeynalov açaraq, bu ilin 28 yanvar 2022-ci ildə möhtərəm Prezidentimiz cənab Ilham Əliyevin verdiyi sərəncamına əsasən Xocalı soyqırımının hər il olduğu kimi qeyd olunmasını söylədi. İbrahim Zeynalov BMA ilə birgə əməkdaşlıqlarını xüsusi vurğulayaraq, davamlı olmasını qeyd etdi. Elmi sessiyada moderator funksiyasını icra edən BDU-nun Tarix fakultəsinin Elmi işlər üzrə dekan müavini, tarix üzrə fəlsəfə doktoru, dosent Kəmalə Nəcəfova çox maraqlı fikirlərini bölüşərək məruzəçiləri təqdim edirdi. Həm də tarix fakültəsinin hazırladığı “Qarabağ Azərbaycandır! Zəfər Epopeyası” adlı monoqrafiyasını elmi laboratoriyaya hədiyyə etdi.
Sessiyanın növbəti məruzəçisi BMA-nın elmi-tədqiqat laboratoriyasınıın müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə çıxışının əvvəlində bu elmi sessiyanın artıq ikinci dəfə keçirilməsini xatırlatdı. Nuridə xanım “Azərbaycan musiqisinin dəyərləri erməni plagiatının hədəfində” adlı mövzu ilə tarixi faktlara, əsasən də arxiv materiallarına istinad edərək çox maraqlı çıxış etdi. Çıxışın sonunda laboratoriyanın elmi işçisi Nigar Bayramovanın ifasında şair Zəlimxan Yaqubun “Xocalım, ay Xocalım” şeiri bütün salonda əyləşən insanları öz aləminə alaraq, böyük şövqlə söylədi.
“Xocalı soyqırımı: səbəbləri, həyata keçirilmə üsulları və nəticələri” mövzuda BDU-nun Azərbaycan tarixi (humanitar fakultələr üzrə) kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Boran Əziz çox ətraflı məruzəsində 366-cı alayın Xocalı şəhərində faciə zamanı xalqı qırıb bu torpaqlar vasitəsilə öz ərazilərini böyütməsi, ümumən də bu faciə bəşəri faciə olduğunu təsdiq etdi. Əldə etdiyi sənədlərə və faktlara əsasən gələcək nəsillərin yaddaşlarında daima olmasını da vurğuladı.
Ü.Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Mehparə Rzayeva “Xocalı faciəsi bəstəkar yaradıcılığında” başlıqlı çıxışında nəinki Azərbaycan bəstəkarlının əsərləri, hətta xarici və rus bəstəkarlarının əsərlərinin siyahısını qeyd edərək müasirimiz olan bəstəkar Rüfət Ramazanovun “And” orqan və səs üçün yazılmış əsərinin fotomateriallardan ibarət slaydla dinləyicilərə təqdim etdi. Bəstəkarın həyat və yaradıcılığı ilə bağlı yeni yazılmış monoqrafiyasını da BDU-nun əməkdaşlarına hədiyyə etdi.
“Azərbaycan musiqi mədəniyyətində faciəvilik mövzusu” başlıqlı mövzusunu Azərbaycan Republikasının Bəstəkarlar ittifaqının İdarə Heyətinin üzvü, aparıcı elmi işçi Rüfət Ramazanov bu 30 ildə Qarabağ mövzusu ilə və Xocalı faciəsi ilə bağlı yeni əsərlərin, filmlərin, tamaşaların və hətta yeni janrların yarandığını qeyd etdi.
“Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin xidmətləri” adlı mövzu ilə BDU-nun Azərbaycan tarixi (humanitar fakultələr üzrə) kafedrasının professoru, tarix üzrə elmlər doktoru Nuru Məmmədov çıxışında dahi ümumilli liderimiz Heydər Əliyevin illər ərzində tarixi qərarların verilməsində böyük rol oynadığını qeyd etdi. Bu siyasətin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən layiqincə və uğurla davamını söyləyərək məhz 44 günlük müharibədə intiqamımızın alınmasını qeyd etdi.
Çıxışdan sonra Xalq artisti, profesor, laboratoriyanın baş elmi işçisi Ramiz Quliyevin ifasında V.Adıgözəlovun “Qərənfil” romansı simfonik orkestrin müşaiəti ilə videoçarxda təqdim olundu.
“Erməni plagiatına məruz qalmış Qərbi Azərbaycan yallıları” adlı mövzusu ilə BMA-nın elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rauf Bəhmənli Qərbi Azərbaycan yallılarının spesifik xüsusiyyətlərini vurğuladı. Belə ki, çıxışında Rauf müəllim unudulmuş 42 İrəvan yallısının toplayıb, not sisteminə salaraq həyata qaytarmışdır.
“1918-ci il hadisələri zamanı Göyçəli aşıq Nəcəfin hekayəsi” adlı mövzuda BMA-nın elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, AMK-nın dosenti, aşıq Mübariz Əliyev ifasında Aşıq Ələsgərin şagirdi olan Göyçəli aşıq Nəcəf Daşkəndinin erməni işğalçıları tərəfindən amansız öldürülməsi ilə bağlı dastandan bəzi şeirlərini səsləndirərək sazla müşayiət etdi.
Elmi sessiyanın sonunda Kəmalə Nəcəfova öz ürək sözlərini söyləyərək sessiya iştirakçılara, əməkdaşlara, tələbələrə üz tutaraq belə elmi sessiyaların vacibliyini vurğulayaraq öz təşəkkürünü bildirdi. Eyni zamanda, Nuridə İsmayilzadə də sessiyanın sonunda elmi laboratoriyanın birgə hazırladığı toplunu Tarix fakültəsinin professor-müəllim heyətinə təqdim etdi və belə elmi sessiyaların, konfransların, tədbirlərin keçirilməsinin davamlı olmasını arzulardı.
Ü.Hacıbəyli adına Elmi-tədqiqat laboratoriyasının
elmi işçisi
Nəsirova Fidan