• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    21 fevral 2022-ci il        

    Bəstəkarlar İttifaqında görkəmli musiqişünas Elmira Abasovanın xatirəsi yad edildi

     21 fevral 2022-ci il tarixində Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli musiqişünas-alim, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, professor Elmira Abasovanın anadan olmasının 90 illiyinə həsr olunmuş elmi konfrans keçirildi.

    Elmira Əbdülhəmid qızı Abbasova 1932-ci il yanvar ayının 10-da anadan olmuşdur. O, 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını (hazırda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası) musiqişünaslıq ixtisası üzrə bitirmiş, həmin ildən ömrünün sonunadək bu müəssisədə pedaqoji fəaliyyət göstərmişdir.

    E.Abbasova 1958-ci ildən – Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, 1962-ci ildən – musiqi tənqidi bölməsinin sədri, 1975 – 1999-cu illərdə – Azərbaycan Bəstəkarlar İttifaqının katibi, o cümlədən SSRİ Bəstəkarlar İttifaqı İdarə heyətinin üzvü olmuşdur.

    O, 1962-ci ildə Moskva Ümumittifaq Sənətşünaslıq İnstitutunda "Ü.Hacıbəyovun opera və musiqili komediyaları" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.

    Musiqişünas-alim, ictimai xadim E.Abbasovanın əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Vurğulayaq ki, Ümumilli lider Heydər Əliyevin onun yaradıcılığına böyük hörməti var idi. Onu daim tədbirlərə dəvət edər, sözlərinə fikir verər, maraqlı çıxışlarını diqqətlə izləyərdi. 1967-ci ildə Elmira Abasova Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi adına layiq görülmüş, 1977 – 1991-ci illər ərzində isə Azərbaycan Dövlət Konservatoriyanın rektoru vəzifəsində işləmişdir. O, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, "Qırmızı əmək bayrağı" ordeni ilə, Təhsil Nazirliyinin fəxri fərmanı və medallarla təltif edilmişdir.

    O, yaradıcılıq boyu Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin yaradıcılığına böyük məhəbbət bəsləyib və ömrünün sonunadək onun əsəsrlərinə müraciət edib, öz təhlillərini dəfələrlə nəzərdən keçərərk yeni fikirlərlə genişləndirib. Görkəmli bəstəkar Qara Qarayevin yaradıcılığı da musiqişünası daim cəlb edib. O, 5 kitab və broşür, bir çox jurnal və toplularda nəşr olunmuş onlarla məqalə və oçerklərin müəllifidir.

    Elmira Abbasova eyni zamanda müxtəlif nəsillərdən olan görkəmli bəstəkarların və ifaçıların yaradıcılığını araşdırmışdır. Onun bu sahədə yazdığı "Cövdət Hacıyev", "Rəşid Behbudov", "Soltan Hacıbəyov", "Səid Rüstəmov", "Qurban Pirimov", "Bəhram Mansurov" və s. kitabçaları, elmi məqalələri Bakıda, Moskvada, keçmiş SSRİ respublikalarında çap olunmuşdur.

    E.Abbasovanın pedaqoji fəaliyyəti də geniş və məhsuldardır. O, onlarla musiqişünas, sənətşünaslıq namizədi yetişdirmişdir.

    Bu baxımdan çox sevindirici haldır ki, Elmira xanım anılır və onun xatirəsinə tədbirlər hazırlanır. Söhbət gedən konfransda tanınmış musiqişünas haqqında xatirələr səsləndi, onun yaradıcılığının müxtəlif aspektləri işıqlandırıldı, alimin çıxışlarının video yazıları təqdim olundu.

    Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə qonaqları salamladı və Elmira Abasovanın Azərbaycan musiqi mədəniyyətində dəyərli rolundan, onun verdiyi töhfələrdən, gözəl oratorluq qabiliyyətindən, həm ictimai, həm pedaqoji fəaliyyətindən söz açdı.

    Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova Elmira Abasovanın çoxşaxəli yaradıcılığından danışdı, onunla birgə iş fəaliyyətlərindən, Elmira xanımın mühazirələrindən, onun professional pedaqoq kimi yetişdirdiyi çoxsaylı tələbələrindən bəhs etdi, onun hər zaman öz işinə ciddi və məsuliyyətlə yanaşdığını vurğuladı.

    Azərbaycanın Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə Elmira Abasovanı Üzeyirşünas alim kimi təqdim etdi, onunla bağlı xatirələrini bölüşdü, Elmira xanımın çətin və gərgin 90-cı illərdə təşkil etdiyi konsert və konfransalrdan danışdı, bunula bağlı maraqlı faktlar aşkarladı.

    Azərbaycanın Əməkdar müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Ülviyyə İmanova daha çox Elmira Abasovanın pedaqoji fəaliyyətinə istinad etdi.

    Çıxışlar musiqi nömrələri ilə növbələşdi. Elmira xanımın yaradıcılığı ilə birbaşa əlaqəli olan bəstəkarlar – Üzeyir Hacıbəyli və Qara Qarayevin əsərləri səsləndi. Ü.Hacıbəylinin “Arşın mal alan” operettasından Gülçöhrənin ariyası və Q.Qarayevin A.Puşkinin sözlərinə yazdığı “Mən sizi sevirdim” romansı Azərbaycanın Xalq artisti Gülnaz İsmayılovanın ifasında səsləndi (müşayiət Ülviyyə Hacıbəyova). Q.Qarayevin Violin və fortepiano üçün Sonatasının I hissəsini Beynəlxalq müsabiqəqlər laureatları Ümidə Abbasova (violin) və Səidə Tağızadə (piano) ifa etdilər.

    Sonda Ülviyyə Hacıbəyova Elmira xanımın oğlu, istadadlı bəstəkar Elnar Məmmədovun Fortepiano üçün variasiyalarını və Qara Qarayevin “Eskiz” əsərini təqdim etdi.

    Tədbiri Bəstəkarlar İttifaqının baş məsləhətçisi Sevda Hüseynova yüksək səviyyədə idarə etdi.

    Konfransın sonunda Elmira Abasovanın qızı fəlsəfə doktoru, dosent Kamina Məmmədova hamıya öz təşəkkürünü bildirdi.

    Mədəniyyət və incəsəntə dərin iz qoymuş insanlar unudulmur, onlar etdiyi işlərlə, qoyduğu töhfələrlə daim yaşayır. Elmira xanımla bağlı xatirələrimiz də hər zaman qəlbimizdə yaşayacaq. Allah rəhmət eləsin. Ruhu şad olsun.

     

    Böyük hörmət və ehtiramla

    bir zamanlar Elmira xanım Abasovanın tələbəsi olan

    sənətşünaslıq üzrə fəlsəfə doktoru

    Aytən İbrahimova