• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    10 fevral 2022-ci il        

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika" elmi-tədqiqat laboratoriyasının elmi işçisi Nərminə Hüseynovanın 10 fevral 2022-ci il tarixində  “Tofiq Bakıxanovun xaricdəki fəaliyyəti və yaradıcılığı” mövzusunda  elmi seminarı Akademiyanın Qara Qarayev zalında bəstəkarın iştirakı ilə keçirildi. 

    Seminarda ön  sözlə  çıxış edən  Ü.Hacıbəyli adına BMA-nın elm və innovasiyalar üzrə prorektoru, Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə  Azərbaycan Respublikasının  Xalq artisti, "Şöhrət” və “Şərəf”  ordenli, professor Tofiq Bakıxanovu yubiley münasibəti ilə təbrik etmiş, bəstəkarın yaradıcılığında xüsusi olaraq romantizmin gizgilərini vurğulayaraq, əsərlərinin geniş təhlilini dinləyicilərə təqdim etmişdir. Daha sonra elmi tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə  bəstəkarı 90  illik yubiley münasibətilə təbrik edərək, həmçinin Tofiq Bakıxanovun ifaçılıq və pedaqoji fəaliyyətindən bəhs edərək, onun bu sahədəki nailiyyətlərini də vurğuladı.

    Tofiq Bakıxanovun həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş etdirildikdən sonra çıxış üçün söz Nərminə Hüseynovaya verildi. Məruzəçi Tofiq Bakıxanovun yaradıcılığını və xüsusilə də xarici ölkələrdə yaradıcılıq fəaliyyətini,  dəyərli musiqi əsərlərinin Azərbaycan musiqi tarixindəki əhəmiyyətindən bəhs etdi.  “Xəzər Balladası”, “Şərq poeması”, “Xeyir və Şər” baletlərinin, simfonik əsərlərin, musiqili komediyaların  müələifi olan bəstəkarın xarici ölkələrə səfərləri haqqında ətraflı məlumat verən N.Hüseynova Tofiq Bakıxanovun çoxşaxəli yaradıcılığının təkcə ölkəmizdə deyil, dünyanın bir çox ölkələrində musiqi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyini bidirdi. Bəstəkarın  bir sıra əsərlərinin Parisdə, Lüksenburqda, Monte-Karloda, Moskvada, Sankt-Peterburqda, Kiyevdə böyük uğurla səhnəyə qoyulmasını bildirən məruzəçi, Tofiq  Bakıxanovun  Böyük Britaniya, Bolqarıstan, Macarıstan, Rumıniya, Avstriya, İsveç, Fransa, Türkiyə, İran və digər ölkələr yaradıcılıq səfərlərində olmasını qeyd etdi. 

     Ara-sıra bəstəkarın ifasında müxtəlif kompozisiyaların video yazısını təqdim edən Nərminə Hüseynova, çıxışının sonunda bəstəkara can sağlığı arzu edərək sözü Tofiq Bakıxanovun bir sıra əsərlərini ölkəmizdə və onun hüdutlarında fəxrlə ifa edən   Ü.Hacıbəyli adına BMA-nın professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəridə Əhmədbəyovaya təqdim etdi. Fəridə Əhmədbəyova bəstəkarın əsərlərini ifa etməsindən qürurlandığını bildirərək, 1998-ci il mayın 8-də İstanbul Konservatoriyasında müəllifin kamera əsərlərinin uğurlu ifasından olan təəssuratları ilə bölüşdü.   Daha sonra Tofiq Bakıxanovun əsərlərindən 4 prelüdü fortepianoda ifa edən Fəridə Əhmədbəyova elmi seminara xüsusi ovqat bəxş etdi.   

        Seminarın  sonunda Tofiq Bakıxanov  hər kəsə öz təşəkkürünü bildirərək söylədi ki, “Mən çox xoşbəxt bəstəkaram ki, ərsəyə gətirdiyim bütün əsərlərim mən sağ ikən, nəinki Azərbaycanda hətta dünyanın bir çox xarici ölkələrində səslənir”!

     

                                                                                           Elmi işçi : Bəsti Kazımova