8 fevral 2022-ci il
Dünya şöhrətli Yapon animasiya bəstəkarı Joe Hisaishi əsərlərinin sehirli aləmi
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi - tədqiqat laboratoriyasının gənc elmi işçisi, doktorant Ayxan Əfəndiyevin “Dünya şöhrətli Yapon animasiya bəstəkarı Joe Hisaishi əsərlərinin sehirli aləmi” mövzusunda onlayn rejimdə seminarı keçirilmişdir.
Elmi axtarışlarını müasir musiqinin müxtəlif cərəyanlarına yönəldən və bu istiqamətdə dəyərli nəticələr əldə edən gənc tədqiqatçı Ayxan Əfəndiyev bu dəfə də, olduqca maraqlı elmi seminarının keçirilməsinə müfəssəl olmuşdur. Seminarda məruzəçi Yapon minimalizminin veteranı, olduqca məşhur bəstəkar Joe Hisaishinin yaradıcılığını, xüsusilə də, bəstəkarın animasiya musiqisinin özəllikləri haqqında ətraflı məlumat verdi. Məruzəçi bildirdi ki, Joe Hisaishi (əsl adı Mamoru Fujisava) 10 animasiya filminə 50- dən artıq musiqi yazmış, 50-dən çox solo albomların müəllifi, Yapon musiqisinin müasir dövrdə ən parlaq və məşhur simalarından biridir. Bəstəkarlıqla yanaşı professional səviyyədə dirijorluq, aranjiman, yazıçılıq, prodüserlik və s. ilə məşğul olan Joe Hisaishi “Spirited away” (2001) animasiyasının musiqisi ilə ən yaxşı animasiya filminə görə Oskar mükafatına layiq görülmüşdür.Yaponiyada və onun hüdudlarından kənarda bir çox medal və ordenlərlə təltif edilmişdir. 1984-cü ildən etibarən məşhur animator Hayao Miyazaki ilə birlikdə işləməyə başlaması və onun unudulmaz animasiyalarına musiqi bəstələməsi ilə adını dünya musiqisinin qızıl fonduna yazdırmışdır.
Yapon musiqi mədəniyyətində yaradıcılığı ilə sevilən və dünya musiqisində tanınan Joe Hisaishinin ən məşhur əsərlərini təhlil edib, müxtəlif paralellər və müqaisələr aparan məruzəçi, seminar boyunca əsərlərdən parçalar dinlədərək mövzunun tam dərinliklərini izah etməyə nail olmuşdur.
Seminarda xüsusilə bəstəkarın animasiya filmlərinə musiqisi haqqında apardığı axtarışlarını təqdim edən məruzəçi - “Kaze no tani Nausaikaa”, “Tenkou no shiro Laputa”, “Tonari no Totoro”, “Mononoke Hime”, “Sen to Chihiro no Kamikakushi” kimi filmlərdən fraqmentlər nümayiş etdirərək, Joe Hisaishi musiqisinin dərin optimizmi ilə seçilməsi, hər zaman xeyir və şər üzərində qələbə qazanmasının həyat amallarından olmasının əsərlərində canlandırılmasını vurğuladı.
Seminarı yüksək dəyərləndirən elmi-tədqiqat laboratoriyasının müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə məruzəçiyə uğurlar arzu edərək, mövzunun daha dərin çalarlarda araşdırılaraq ictimaiyyətə təqdim olunmasını tövsiyyə etdi.
Seminar haqqında təəssuratları ilə bölüşən laboratoriyanın əməkdaşları: Əməkdar incəsənət xadimi , sənətşünaslıq üzrə fəlsəfə doktoru, professot Arif Əsədullayev, aparıcı elmi işçi, bəstəkar Rüfət Ramazanov, böyük elmi işçi Zeynal İsayev, elmi işçi Əli Əliyev, elmi işçi Fidan Nəsirova və başqaları suallar və tövsiyyələr ilə çıxış etdilər.
Mehparə Rzayeva
sənətşünaslıq üzrə fəlsəfə doktoru,
böyük elmi işçi