19 yanvar 2022-ci il
20 Yanvar “Qürur və Qəhrəmanlıq”
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi - tədqiqat laboratoriyasında onlayn rejimdə 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr edilmiş anım tədbiri keçirilmişdir.
Qanlı 20 yanvar şəhidlərini yad edərək tədbiri giriş sözü ilə açan Ü.Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə, bu günün Azərbaycan xalqının yaddaşında hüzn və kədər, qürur və qəhrəmanlıq səhifəsi kimi həkk olunduğunu, şəhidlərimizin qanı ilə Dövlət müstəqilliyimizin bərpasının mövcudluğunu bildirdi.
Qanlı 20 Yanvar hadisələrinin canlı şahidlərindən olan, o günlərin faciəsini əlində fotoaparatla yaddaşa həkk edən laboratoriyanın mərhum əməkdaşı Ariz Abduləliyevi yad edən Nuridə İsmayılzadə, məhz həmin tarixi kadrlardan hazırlanan videoçarxı nümayiş etdirdi.
Xalqımızın hər zaman yanında olan ziyalılardan söhbət açan Ü.Hacıbəyli adına BMA-nın elm və innovasiyalar üzrə prorektoru, Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə xüsusilə yanvar faciəsində Arif Məlikovun, Fərhad Bədəlbəylinin, Bəxtiyar Vahabzadənin, Ramiz Quliyevin və başqalarının Vətənə, millətə olan sevgisini, qanlı aksiyanı qətiyyətlə pisləyən bəyanatlarla çıxışlarını vurğuladı. 20 Yanvar faciəsinin ağrı-acısını əks etdirən Arif Məlikovun “ Mən ittiham edirəm...” kitabını qeyd edən Gülnaz Abdullazadə, kitabda bəstəkarın faciə ilə bağlı keçirdiyi iztirablarının, şəxsi müşahidələr və dəlillərin, siyasi və hərbi orqanların saxtakarlıqlarını ifşa edən nadir sənədlərin verilməsini bildirdi.
Qanlı hadisələrdən 32 il ötməsinə baxmayaraq bu günə kimi ürək yanğısı ilə yada salan Azərbaycan Respublikasının Xalq Artisti, professor Ramiz Quliyev xatirələri ilə bölüşdü. Xalqın böyük şairi Bəxtiyar Vahabzadənin qələmə aldığı “Şəhidlər” poemasını “Zabul” muğamının sədaları altında, tarında səsləndirən ustad Ramiz Quliyev xalqın dərdinin şeirlər vasitəsilə dilə gəlməsini söylədi.
Elmi tədqiqat laboratoriyasının elmi işçisi Nərminə Hüseynova tarixi faktlarla çıxış edərək, 1990-cı il 20 yanvar faciəsinin bütün xronoloji gedişatını, o dövrün siyasi abu-havasını, qanlı hadisələri bir daha tədbir iştirakçılarının yaddaşında canlandırdı.
Azərbaycan bəstəkarlarının yaradıcılığı daim xalqımızın tarixi keçmişindən qaynaqlanmış, müxtəlif dövrlərdə tarixi-qəhrəmani mövzunu əks etdirən, dövrün reallıqları ilə bağlı olan dəyərli sənət əsərlərinin yaranmasını vurğulayan elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, bəstəkar Rüfət Ramazanov bildirdi ki, istər keçmiş zamanlarda, istərsə də, müasir dövrdə vətənpərvərlik mövzusunda yazılan əsərlərin mənəvi təsir gücü həmişə üstünlük təşkil etmiş və ruhlandırıcı xarakter daşımışdır. Cövdət Hacıyev “Şəhidlər”, Azər Rzayev “Bakı 90” simfoniyaları, Vasif Adıgözəlov “ Qəm karvanı” və digər əsərlər hadisənin miqyasını musiqi dili ilə nəql edərək dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynamışdır.
Tədbirin sonunda qanlı 20 Yanvar şəhidləri dərin hörmət və ehtiramla yad edilərək anıldı.
Mehparə Rzayeva
elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi,
sənətşünaslıq üzrə fəlsəfə doktoru