11 yanvar 2022 –ci il
Ü.Hacıbəyli adına BMA-nın “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və akustika” elmi tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ruqiyyə Süleymanovanın “Azərbaycan Musiqi Mədəniyyətinin inkişafında Şəfiqə Axundovanın rolu” mövzusunda onlayn qaydada seminarı keçirildi.
Məruzəçi R. Süleymanova öz çıxışında Azərbaycanın Xalq artisti, sevimli bəstəkar Şəfiqə Axundovanın özünəməxsus üslubundan söhbət açdı. O, qeyd etdi ki, bəstəkarın musiqi irsi araşdırılaraq, onun müxtəlif janrlara əsaslanan yaradıcılığı milli və klassik üslub baxımından sistemləşdirilib tədqiq edilir. Məruzəçi, xüsusilə bəstəkarın yaradıcılığında özünəməxsus yer tutan “Gəlin qayası” operası, simfonik orkestr üçün yazılmış musiqi lövhələri, mahnı bəstələri, dram teatr tamaşalarına, “Ev bizim sirr bizim” musiqili komediyasına bəstələdiyi musiqilər və digər instrumental əsərləri haqqında ətraflı məlumat verdi. Seminarda Azərbaycanın Xalq artistləri Rübabə Muradovanın ifasında “Nədən oldu, Elmira Rəhimovanın ifasında “Sənin nəğmən” və bəstəkarın digər mahnıları maraqla dinlənildi.
Məruzəçinin xahişi ilə elmi laboratoriyanın əməkdaşı Xalq artisti, dosent Zümrüd Məmmədova canlı ifa nümayiş etdirərək, sözləri Xurşidbanu Natəvana aid olan, Şəfiqə Axundovanın “Neyçün gəlməz” mahnısını ifa etdi.
Seminarın sonunda elmi tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə dəyərli fikir və mülahizələrini bildirərək, məruzəçini təbrik etdi. Böyük elmi işçi Zeynal İsayev, aparıcı elmi işçi, bəstəkar Rüfət Ramazanov, Xalq artisti,dosent Zümrüd Məmmədova və başqaları mövzu ilə əlaqədar maraqlı faktlarla bölüşərək fikir mübadiləsi apardılar.
Nazlı Mustafayeva, elmi işçi