13 dekabr 2021-ci il
Gənc tədqiqatçı Məhəmməd Vəliyevin ilk kitabları işıq üzü gördü
2021-ci ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan musiqisi və onun yeni istiqamətlərinin tədqiqi:Orqanologiya və akustika” elmi-tədqiqat laboratoriyasının kiçik elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəliyev Məhəmmədin iki kitabı “Bəstəkar İsmayıl Hacıbəyov. Ənənə və müasirlik” monoqrafiyası və “Ölməz sənətkarlar” məqalələr toplusu işıq üzü görmüşdür.
Bu kitablar Azərbaycan musiqisində əvəzsiz yeri olan şanlı Hacıbəylilər musiqi sülaləsinin nümayəndələrinə, xüsusən də müasir bəstəkarımız, qeyri-adi və marağlı üslubu ilə seçilən İsmayıl Hacıbəyovun yaradıcılığının işıqlandırılmasına həsr edilmişdir.
“Bəstəkar İsmayıl Hacıbəyov. Ənənə və müasirlik” kitabı gənc tədqiqatçının müdafiə etdiyi “İsmayıl Hacıbəyovun kamera musiqisi” dissertasiyasına əsaslanmışdır.Bu kitabda Azərbaycan musiqisi tarixinə neolkassisizm cərəyanının ən istedadlı nümayəndələrindən biri kimi adını yazdıran İsmayıl Hacıbəyovun yaradıcılığında kamera-instrumental və kamera-vokal əsərlərinin tutduqları önəmli yer qeyd edilmişdir.Əsərlərin geniş təhlillərinə yer ayrılmışdır.Bəstəkarın barokko formalarına müraciəti və öz əsərlərində polifoniyadan məharətlə istifadə etməsi xüsusi ilə nəzərə çatdırılmışdır. Bəstəkarlıqla yanaşı publisistika və müəllimliliklə məşqul olan İsmayıl Hacıbəyovun parlaq və məzmunlu yaradıcılıq fəaliyyəti vurğulanmışdır.
“Ölməz sənətkarlar” işi isə V.Məhəmmədin doktorant olduğu zaman musiqimizin beşiyi, gözəl Qarabağımızın yetişdirdiyi görkəmli Hacıbəylilər nəslinin nümayəndələri haqqında qələmə aldığı dəyərli məqalələr toplusudur.Bu məqalələrin əksəriyyəti müasir bəstəkarımız İ.Hacıbəyovun yaradıcılığının işıqlandırılmasına həsr edilmişdir.Topluda əks edilən İsmayıl Hacıbəyov yaradıcılığının müxtəlif aspektlərinın işıqlandırılması ilə bərabər, onun “Sevməcə” romansına və “Divertisment” əsərlərinin təhlilinə yer verilən məqalələr maraq kəsb edir. Digər mövzular içərisində, “Zülfüqar Hacıbəyov” və “Maestro Niyazi” adlı məqalələr bizim diqqətimizi cəlb etmişdir.
Gənc tədqiqatçıya sonraki fəaliyyətində uğurlar arzulayırıq.
Elmi-tədqiqat laboratoriyasının kiçik elmi işçisi, doktorant
Əfəndiyev Ayxan