• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    9 dekabr 2021-ci il

     “Müasir musiqi təhsili-2021: yaradıcılıq, elm, texnologiya” mövzusunda XX Beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir.

    A.İ.Gertsen adına Rusiya Dövlət Pedaqoji Universitetinin və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən  “Müasir musiqi təhsili -2021: yaradıcılıq, elm, texnologiya” XX Beynəlxalq elmi-praktiki konfrans, hər il olduğu kimi20 – illik yubileyi çərçivəsində də,  müxtəlif ölkələri təmsil edən elm xadimlərini, musiqişünasları  bir araya toplamışdır. Onlayn qaydada keçirilən konfransda Rusiya, Azərbaycan, İran, Özbəkistan,  Belarusiya  kimi dövlətlərin  musiqi elm xadimləri iştirak etmişlər.

    Konfransın təşkilat komitəsinin həmsədri pedaqogika elmləri doktoru, professor  İ.Qorbunova  elm xadimlərini, musiqişünasları olduqca səmimi abu-havada salamlayaraq, XX Beynəlxalq elmi-praktiki konfransın keçirilmə tarixinin A.İ.Gertsen adına Rusiya Dövlət Pedaqoji Universitetinin 225 illik və  Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyini əhatə etməsini xüsusilə vurğuladı.  Konfransın xüsusi əhəmiyyət kəsb etməsini və müxtəlif ölkələrin alimlərinin bir araya gələrək yeni, maraqlı elmi faktlarla bölüşmələrinin önəmliyini bildirən İ.Qorbunova, iştirakçıları salamlamaq üçün sözü Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elm və yaradıcılıq işləri üzrə prorektoru, AR-nın Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor G.Abdullazadəyə təqdim etdi. G.Abdullazadə iştirakçıları salamlayaraq, konfransın çağdaş dövrümüz ilə bağlılığını, yaradıcılıq, elm və texnologiyanın müasir musiqi təhsilində fundamental əhəmiyyətə malik olmasını vurğuladı. Konfransın olduqca səmimi ruhda keçməsinin və maraqlı elmi axtarışlarla tanış olacağının əminliyini bildirən G.Abdullazadə bütün iştirakçılara uğurlar dilədi.

      Daha sonra elmi-praktiki konfransı davam etdirmək üçün söz təşkilat komitəsinin həmsədri Ü.Hacıbəyli adına BMA-nın  elmi- tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, sənətşünaslıq üzrə fələsəfə doktoru İ. Əliyevaya verildi.  Maraqlı məruzələrlə çıxış edən elm xadimləri: Ü.Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent N.İsmayılzadə, Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru, AR-nın Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru,  dosent L.Hüseynova, Azərbaycan Milli Konservatoriyasının Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri, AR-nın Əməkdar incəsənət xadimi C.Səlimxanov, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Ü.Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İ.Əliyeva, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının nəzəriyyə kafedrasının professoru, RF-nın Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru V.Meduşevskiy, RF-nın Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq namizədi, dosent İ.Voronçova, ÖR-nın Əməkdar incəsənət xadimi, Özbəkistan Dövlət Konservatoriyasının orkestr dirijorluğu kafedrasının professoru F. Əbdürəhimova, Ufa Dövlət İncəsənət İnstitutunun “Musiqi nəzəriyyə” kafedrasının müdiri,  sənətşünaslıq doktoru, professor İ.Alekseyeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Z.Axundova-Dadaşzadə, AMK-nın “Azərbaycan milli alətlər” kafedrasının baş müəllimi M.Əsədullayeva və başqaları  6 saatdan çox bir zaman müddətində davam edən konfransda dərin diskussiyalara səbəb olan və  müasir elmi axtarışlara arxalanan fikir mübadilələri ilə bölüşdülər.

    Mehparə Rzayeva

    sənətşünaslıq üzrə fəlsəfə doktoru,

    böyük elmi işçi