8 dekabr 2021-ci il
Beyin və musiqi
Ü.Hacıbəyli adına BMA-nın “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və akustika“ elmi tədqiqat laboratoriyasında 2021-ci il 8 noyabr tarixində kiçik elmi-işçi Sevda İsayevanın “Beyin və musiqi” mövzusunda onlayn qaydada seminarı keçirilmişdir.
Hər gün yeni metodlarla araşdırılan və dünya alimlərinin maraq dünyasının mərkəzində duran beyinlə musiqinin əlaqəsindən danışan məruzəçi qeyd etmişdir ki, bir araya gələn musiqi notlarının titrəməsi insan beynini stimullaşdırır. Musiqi - beyinə birbaşa təsir göstərən elektrik impulslarından ibarətdir. Elektrik impulsları isə eşitmə sisteminə səs dalğalarının göstərdiyi təsirdən yaranır.
Sonra isə səsin gurluğundan, ritmikliyindən danışaraq, gurluğu 70-80 desibel səslərin qulaq üçün təhlükə siqnalı olduğunu izah etmişdir. İ.Sevda musiqi və digər səsləri eşidərkən beyində gedən prosesləri, beynin necə yükləndiyini göstərmək üçün seminar iştirakçılarına video nümayiş etdirmişdir.
Klassik musiqinin, müxtəlif musiqi alətlərinin insan psixikasına təsirindən danışan məruzəçi son illər dünyada və ölkəmizdə musiqi terapiyası sahəsində tədqiqatların aparılmasını qeyd etmişdir.
Hazırda musiqi terapiyasından dünyanın əksər ölkələrində istifadə edilir. Lakin musiqi ilə diaqnostika üsulu çox az adama bəllidir. Bu diaqnostik üsul ilk dəfə tibb elmləri doktoru, professor Rafiq Təhməzov tərəfindən öyrənilmişdir. Bu ideya alimdə 1994- cü ildə Çində olarkən yaranmış və orada U-SİN nəzəriyyəsi ilə tanış olmuşdur. Hal-hazırda musiqi ilə diaqnostika probleminin həllinə dair tədqiqatlarda laboratoriyanın əməkdaşları da iştirak edirlər. Bir neçə gün öncə laboratoriyanın müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə və böyük elmi işçi Zeynal İsayev Tibb Universitetində qeyd olunan tədqiqatla yaxından tanış olmuşlar. Keçən həftə isə bu məqsədlə Azərbaycanın Xalq artisti Alim Qasımovun səsi laboratoriyada yazılmışdır.
Seminarın sonunda BMA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə, elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Arif Əsədullayev, aparıcı elmi işçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İmina Əliyeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Mübariz Əliyev çıxış edərək məruzəçiyə öz dəyərli məsləhətlərini verdilər.
Nazlı Mustafayeva
elmi-tədqiqat laboratoriyasının elmi işçisi