• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

     4-5 noyabr 2021-ci il

     4-5 noyabr 2021-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi çərçivəsində "Şərq və Qərb musiqi mədəniyyətlərinin dialoqu" mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirildi.

    4 noyabr Bakı Musiqi Akademiyasında konfransın açılış konserti baş tutdu.

    Konsertdə ilk öncə  Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli qonaqları salamlayaraq, giriş sözü ilə çıxış etdi.

    Sonra Azərbaycan Dövlət Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Səyavuş Kərimi, AMK-nın Elm və yaradıcılıq işləri üzrə prorektoru, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, Əməkdar incəsənət xadimi Lalə Hüseynova və P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru, Sənətşünaslıq doktoru Konstantin Zenkin çıxış etdilər.

    Ardınca söz musiqiyə  verildi.

    Violonçel üçün "Çahargah" muğamı, T.Quliyev "Sevgilim", A.Məmmədova "Şövq", S.Raxmaninov Etüd şəkil N.9, Əməkdar artist Yulizanna Kuxmazovanın rəhbərliyi ilə "Anlamadan", "Eylədim", Xalq mahnısı "Çal oyna" (işləməsi Y.Kuxmazova) ifa olundu.

    Konsert tamaşaçıların gurultulu alqışları ilə sona çatdı.

    Qeyd edək ki, 4-5 noyabr tarixlərində "Şərq və Qərb musiqi mədəniyyətlərinin dialoqu" mövzusunda olan elmi-praktiki konfransın iclasları Bakı Musiqi Akademiyasında və "Premium park" otelində müxtəlif ölkələrin iştirakı ilə keçirildi.