2 noyabr 2021-ci il
26 oktyabr - 06 noyabr tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr edilmiş “Jazzery Voices” layihəsi çərçivəsində 2 noyabr 2021-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Elmi-yaradıcı Konfrans keçirildi.
Ön söz olaraq, Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli çıxış etdi. O, konfrans iştirakçılarını və canlı bağlantı ilə qoşulan Niderlanddan musiqişünas Natəvan Hüseynovanı və Gürcüstandan caz tədqiqatçısı İrina Ebralidzeni salamlayaraq, işlərində uğurlar arzuladı. F.Bədəlbəyli həmçinin "Jazzery Voices" layihəsinin keçirilməsini təqdirə layiq hal kimi qiymətləndirərək, caz musiqimizi xarici ölkələrdə təbliğ edən Emin Əfrasiyab, İsfar Sarabski, Etibar Əsədli kimi istedadlı caz ifaçılarımızın adlarını, uğurlarını qürur hissi ilə qeyd etdi.
Sonra "Musiqi nəzəriyyəsi" kafedrasının dosenti, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Turan Məmmədəliyeva konfranda məruzə ilə çıxış edəcək musiqiçiləri hər kəsə təqdim edib, onların caz musiqinə aid əsərləri, tədqiqatları ilə qısaca olaraq, hər kəsi tanış etdi.
Ardınca T.Məmmədəliyeva çıxış üçün sözü məruzəçilərə verdi.
İlk öncə Gürcüstandan və Niderlanddan konfransa canlı bağlantı ilə qoşulan İliya adına Tbilisi Dövlət Universitetinin estrada-caz fakültəsinin müəllimi, caz tədqiqatçısı və pedaqoqu, caz ifaçılığı və bəstəçiliyi üzrə fəlsəfə doktoru İrina Ebralidze "Caz vokal ifaçılıq sənətinin öyrənilməsinin bəzi aspektləri"; musiqişünas, caz tədqiqatçısı Natəvan Hüseynova "XX əsrin l yarısında Azərbaycan cazı", sonra isə BMA-nın professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Lalə Rzayeva "Caz pianizmi"; sənətşünaslıq üzrə fəlsəfə doktoru Aybəniz Növrəsli "Azərbaycan etno-caz təmayülü bu gün"; musiqişünas, publisist, aktrisa Fərizə Babayeva "Azərbaycan caz sənətinə dair bəzi aktual məsələlərə dair"; BMA-nın dissertantı Cəmilə Əmirova "Müasir Azərbaycan caz pianoçularının ifaçı portretləri"; Sənətşünaslıq üzrə fəlsəfə doktoru, caz tədqiqatçısı Turan Məmmədliyeva "Azərbaycanda caz menecmentinə dair bəzi məsələlər" adlı məruzələrlə çıxış etdilər.
Sonda beynəlxalq caz festivalları laureatı Elbəy Məmməmdzadə peşəkar ifası ilə "İllüstrasiya" adlı kompozisiyanı dinləyicilərə təqdim etdi. Onun mphtəşəm ifası konfrans iştirakçıları tərəfindən alqışla qarşılandı.
Onu da qeyd edək ki, layihəyə yetkin və gənc nəsil ifaçılarının konsertləri, caz vokal ifaçılığı üzrə ustad dərsi, Elmi-yaradıcı Konfrans və Qala-konsert keçiriləcəkdir. Konsertlər Beynəlxalq Muğam Mərkəzində təşkil olunacaqdır.