28 oktyabr 2021-ci il
Ali Baş Komandan İlham Əliyevin uzaq görən siyasəti nəticəsində müzəffər Azərbaycan ordusunun qələbəsinin 1 ilinin tamam olmasına sayılı günlər qalmışdır.
Milli birliyimiz və həmrəyliyimizin göstəricisi, qürur və şərəflə haqqında danışdığımız, böyük iftixarla andığımız bu hadisələr haqqında saysız tədbirlər, konfranslar keçirilir, kitablar yazılır, tədqiqatlar aparılır. Belə tədbirlərdən biri də Üzeyir Hacıbəyli adına BMA-nın “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi tədqiqat laboratoriyasının böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rauf Bəhmənlinin 28 oktyabr 2021 – ci il tarixində “Erməni plagiatının ifşası – mədəniyyətdəki qələbəmizin rəmzi kimi” mövzusunda “İrəvanda yaranmış Azərbaycan yallıları ” adlı elmi seminarıdır.
BMA-nın Qara Qarayev zalında keçirilən seminarı elmi tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə açaraq, tarixən azərbaycanlılara qarşı aparılan erməni saxtakarlığından, laboratoriyada bu mövzu ilə bağlı keçirilən konfranslar, tədbirlər, layihələr, elmi seminarlar və bu istiqamətdə tədqiqat aparan əməkdaşlar haqqında çıxış etdi. Daha sonra məruzəçi Rauf Bəhmənli İrəvan xanlığının tarixinə kiçik ekskurs edərək, bədnam qonşumuz ermənilərin Azərbaycan xalq musiqisinin bir çox nümunələrini həyasızcasına mənimsəyərək öz folkloru kimi sübut etməyə çalışdıqlarını və xalq rəqslərimizin ermənilər tərəfindən mənimsənilməsində ən zərər çəkən janrlardan birinin yallılar olduğunu vurğuladı. İrəvanda vaxtı ilə azərbaycanlılar tərəfindən yaradılmış və böyük həvəslə oynanılan yallı havalarının zamanla unudulduğunu düşünən ermənilər onların adlarını dəyişib, yeni xoreoqrafik quruluş vermiş və dünya ölkələrinin səhnələrində nümayiş etdirmişlər.
Rauf Bəhmənli çox çətinliklə olsa da İrəvandan məcburi köç edən musiqiçilərimizlə görüşdüyünü, İrəvanda və onun müxtəlif bölgələrində yaranmış 38 yallı havasının melodiyasını nota saldığını qeyd etdi. Bu yallılardan “Köçəri”, “Tənzərə”, “Ağbulaq”, “Teymur ağa”, “Çəmənkənd” və s.-i haqqında geniş məlumat verdi. Rəqslərin adlarının mənası, not nümunələri, arxiv sənədləri, müxtəlif illərdə çəkilmiş sənədli filmlər vasitəsilə bu yallıların məhz Azərbaycanın zəng folklor nümunələri olduğunu bir daha sübut etdi.
Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova, Xalq artisti, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Elnarə Dadaşova, Bakı Xoreoqrafiya Akademiyasının Milli rəqs kafedrasının müdiri, Əməkdar artist Sənan Hüseynli, Əməkdar artist Gülməmməd Şahverdiyev, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı, Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin əməkdaşı Oqtay Orucov və elmi tədqiqat laboratoriyasının əməkdaşları iştirak etdi.
Elmi seminarda slayd materialları ilə yanaşı, “Əhsən” musiqi qrupunun ifasında Azərbaycan yallıları dinlənildi. Tədbir Mədəniyyət kanalının “Mədəniyyət xəbərləri”ndə işıqlandırıldı.
Elmi işçi, doktorant
Könül Əhmədova - Yusifova