26 oktyabr 2021-ci il
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyi
Ü.Hacıbəyli adına BMA-nın 100 illik yubileyi çərçivəsində müxtəlif tədbirlər davam edir. Bu tədbirlərdən biri də Sumqayıt Dövlət Universiteti və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi-tədqiqat laboratoriyası ilə birgə hazırladığı 2021-ci il 26 oktyabr tarixində “Azərbaycanda mədəniyyətin inkişafında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rolu” mövzusunda onlayn elmi-praktiki konfransı oldu.
Elmi-praktiki konfransını Sumqayıt Dövlət Universitetinin humanitar məsələlər üzrə prorektoru, dosent Ramiz Hüseynov açaraq qonaqları və iştirakçıları salamladı.
Növbəti giriş sözündə BMA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru, əməkdar incəsənət xadimi, f.e.d., professor Gülnaz Abdullazadə hər iki elm ocaqlarının birgə təşkilatçılığı ilə hazırlanan elmi-praktiki konfransa öz dərin təşəkkürünü bildirdi və Üzeyir bəyin Şərq və Qərb arasında körpünün yaranmasında fəaliyyəti barədə ətraflı çıxış etdi.
SDU-nin “Fəlsəfə, sosiologiya və politologiya” kafedrasının dosenti, Ü.Hacıbəyli adına BMA-nın məzunu Telman Qəniyevin “Azərbaycan professional musiqi sənətinin inkişafında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rolu” məruzəsində musiqi ocağının bu illər ərzində tarixi məqamları əhatə edildi.
BMA-nın elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə “Azərbaycanın ictimai-siyasi və mədəni həyatında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rolu” adlı məruzədə tarixi məqamların müəyyən mərhələləri, bu musiqi ocağında fakultə və kafedraların yaranması, bir çox sənətkarların Moskva, Sankt-Peterburq şəhərlərində təhsilini xüsusi vurğulayaraq Azərbaycan musiqi mədəniyyətindəki rolu haqda çıxış etdi.
Xalq artisti, “Şərəf” və “Şöhrət” ordenləri mükafatçısı, professor Ramiz Quliyev “Qızıl əsrin” musiqi aləminə dair xatirələrim” adlı məruzədə Üzeyir bəyin yaratdığı Konservatoriyanın adını 100 illik tariximizə qızıl əsr kimi daxil olduğunu xüsusi vurğuladı.
SDU-nin “Fəlsəfə, sosiologiya və politologiya” kafedrasının baş müəllimi, BMA-nın məzunu Afaq Qəniyeva “Azərbaycan ifaçılıq sənətinin inkişafında Bakı Musiqi Akademiyasının rolu” başlıqlı məruzədə fortepiano ifaçılıq sənətinin təşəkkül tapmasında tanınmış ifaçıların fəaliyyətini qeyd etdi.
BMA-nın elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Mehparə Rzayeva “Ü.Hacıbəyli bəstəkarlıq məktəbinin davamçıları” məruzəsində bəstəkarlıq məktəbinin nümayəndələri T.Quliyev, G.Abdullazadə və müasirimiz R.Ramazanovun yaradıcılıq fəaliyyəti haqda ətraflı mülahizələrini təqdim etdi.
BMA-nın elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rauf Bəhmənli “Ü.Hacıbəylinin musiqili komediyalarında Azərbaycan xalq rəqsləri” adlı məruzədə Ü.Hacıbəylinin Azərbaycan xalq rəqslərinə və ümumiyyətlə, xalq musiqisinə olan böyük marağın nəticəsində yaranmış, əsərlərində istifadə olunmuş musiqi materiallarından nümunələr də təqdim olundu.
BMA-nın elmi-tədqiqat laboratoriyasının elmi işçisi, doktorant Fidan Nəsirova “Hacıbəylilər nəslinin Azərbaycan musuqi mədəniyyəti tarixindəki rolu” adlı mövzu ilə Hacıbəylilər nəslinin nümayəndəsi – Zülfüqar, Üzeyir, Ceyhun Hacıbəylilərin yaradıcılıq irsi, Azərbaycan musiqi mədəniyyətindəki rolu vurğulandı.
BMA-nın elmi-tədqiqat laboratoriyasının elmi işçisi, doktorant Könül Əhmədova “Ü.Hacıbəyli satirasında ədəbi-bədii mənbələr haqqında” adlı məruzəsində Üzeyir bəyin əbədi–bədii mənbələrdə gülüş doğurucu, kəskin satira vasitəsilə elmi publisistik yazılarında, həm də elm xadimlərinin deyilən fikirlərində öz əksini tapdığı qeyd olundu.
Konfrans zamanı musiqi materialları da təqdim olundu.
Tədbirin sonunda elmi-praktiki konfransda iştirak edən SDU-nin rəhbərliyi, professor və müəllim heyəti, dekanlar, kafedra müdirləri və elmi-tədqiqat laboratoriyasının elmi əməkdaşları öz təbriklərini və ürək sözlərini bildirərək bu əməkdaşlıq körpüsünün davamlı olmasını arzuladılar.
Nəsirova Fidan
Ü.Hacıbəyli adına Elmi-tədqiqat laboratoriyasının
elmi işçisi