• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    19 sentyabr  2021-ci il

    2021-ci il 19 sentyabr tarixində Üzeyir Hacıbəyli  XIII Beynəlxalq musiqi festivalı çərçivəsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Balet, ömrüm mənim” filmi nümayiş olunmuşdur.

    "Balet, ömrüm mənim" filmi görkəmli baletmeyster, Xalq artisti Rəfiqə Axundovanın 90 illiyinə həsr olunmuşdur. Ekran əsərinin nümayişi Mədəniyyət Nazirliyinin sifarişi ilə “Dublyaj” studiyasında çəkilmiş, sənədli filmin ssenari müəllifi Raya Abbasova, rejissoru Gülər Tokgözdür.

    Filmin nümayişindən əvvəl mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev çıxış edərək Rəfiqə xanımın Azərbaycan mədəniyyətinin inkişafına verdiyi töhfələrdən söz açıb. Bildirib ki, sənətkar teatrın solisti kimi dünya və Azərbaycan balet sənətinin bir çox nümunələrində mürəkkəb partiyaları böyük uğurla ifa edərək geniş tamaşaçı rəğbəti qazanmışdır. Rəfiqə Axundovanın həyat yoldaşı, Xalq artisti Maqsud Məmmədov ilə birgə quruluş verdiyi dahi Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” və “İldırımlı yollarla” baletləri ən nüfuzlu teatr səhnələrini bəzəyən gözəl sənət əsərinə çevrilib.

    Filmin Ssenari müəllifi, musiqişünas Raya Abbasova filmin çəkiliş prosesi zamanı görülən işlər, kadr arxasında qalan maraqlı hadisələr haqqında məlumat verdi. O, qeyd etdi ki, ekran əsərində Azərbaycanın və Rusiyanın tanınmış mədəniyyət və incəsənət xadimləri, o cümlədən SSRİ Xalq artistləri Yuri Qriqoroviç, Vladimir Vasilyev, Mixail Lavrovski, Vyaçeslav Qordeyev, Xalq rəssamı Tahir Salahov, Xalq yazıçısı Anar, Xalq artistləri Fidan Qasımova, Rauf Abdullayev, Fərəc Qarayev və başqaları Rəfiqə Axundova və Maqsud Məmmədov haqqında fikirlərini bölüşüblər.

    Qeyd edək ki, filmin təqdimatında Bakı Musiqi Akademiyasının və Bakı Xoreoqrafiya Akademiyasının rəhbər nümayəndələri iştirak etmişlər.

    Sonra isə film tamaşaçılara təqdim edildi və rəğbətlə qarşılandı.