18 sentyabr 2021-ci il
Artıq ənənə halını almış “Milli Musiqi Günü” - 18 sentyabr tarixi dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü ilə əlaqədardır.
Respublikanın müxtəlif yerlərində bu münasibətlə möhtəşəm konsertlər, tədbirlər keçirilir. Həmçinin ölkəmizdə XI beynəlxalq Musiqi festivalı ilə əlaqədar silsilə tədbirlər də keçiriləcəkdir.
Ənənəvi olaraq bu gün də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının önündə bəstəkarın anım günü təntənəli şəkildə qeyd olundu.
Tədbirin açılışını Azərbaycan Respublikasının Mədəniyyət naziri cənab Anar Kərimov çıxış etdi. O, Milli Musiqi gününün ildən-ilə ölkəmizdə daha da geniş vüsət aldığını, silsilə tədbirlərin keçirildiyini və bu tədbirlərin sırasında xüsusi önəm verilən Ü.Hacıbəylinin adını daşıyan Beynəlxalq Musiqi Festivalının mədəniyyətimiz üçün böyük əhəmiyyətini vurğuladı. Eyni zamanda Prezident cənab İlham Əliyevin sərəncamına əsasən fəxri adlarla mükafatlandırılmış BMA-nın kollektivini də təbrik etdi.
Sonra “Milli Musiqi Günü” ilə əlaqədar Bakı Musiqi Akademiyasının rektoru, görkəmli pianoçu, Xalq artisti, professor Fərhad Bədəlbəyli də bütün musiqiçiləri təbrik etdi və bu əlamətdar günün 29 ildən sonra şanlı ordumuz tərəfindən işğaldan azad olunmuş Şərqin Konservatoriyası-Şuşa şəhərində də qeyd edildiyini təqdir etdi.
Ardınca tədbir konsert proqramı ilə davam etdirildi. Belə ki, xalq artisti, general Yusif Axundzadənin rəhbərliyi ilə Müdafiə Nazirliyinin nümunəvi Hərbi orkestrinin ifasında Ü.Hacıbəylinin “Koroğlu” operasından Uvertura, “Cəngi”, dirijor Gülbacı İmanovanın rəhbərliyi ilə Xor Kapellasının ifasında “Ey vətən”, “Heyratı”, Fərhad Bədəlbəylinin “Anamız Azərbaycan” (ifa edir: nümunəvi hərbi orkestr, solistlər Aynur İsgəndərli, Kənan Qədimov) əsərləri səsləndirildi.
“Milli Musiqi Günü” bütün musiqisevərlərin, tamaşaçıların gur alqışları ilə qarşılandı.