• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    7 sentyabr  2021-ci il

    Elmlə  musiqinin  vəhdəti !

    Azərbaycanın görkəmli alimi, əməkdar incəsənət xadimi, professor, bəstəkar, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elm və yaradıcılıq işləri üzrə prorektoru Gülnaz Abdullazadənin sentyabrın 7-də 75 yaşı tamam olur.  G.Abdullazadənin elmi fəaliyyəti çoxşahəli, bəstəkar yaradıçılığı isə çoxjanrlı olmuşdur. Azərbaycanın görkəmli bəstəkarı, xalq artisti Cövdət Hacıyevin sinfini bitirmiş G.Abdullazadə bəstəkar kimi öz sözünü demiş – bir simfoniya, simli kvartet, vokalistlərin səslərinin düzgün qoyulmasında geniş praktiki əhəmiyyətə malik olan “15 vokaliz” silsilənin, bir neçə romans və mahnıların müəllifidir.  G.Abdullazadə gənclik illərində öz liderlik keyfiyyətləri  ilə  seçilərək, 60-cı illərdə Azərbaycan Dövlət Konservatoriyasında təhsil alan parlaq gənclərin sırasında idi. O, musiqi savadı ilə kifayyətlənməyərək M.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə üzrə aspiranturasına daxil olmuş və professor N.Ovsyannikovun rəhbərliyi altında 1979-cu ildə namizədlik, 1990-cı ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1992-ci ildə G.Abdullazadə professor elmi adını almış, 2007-ci ildə isə əməkdar incəsənət xadimi yüksək fəxri adı almışdır. Rəsmi məlumatlara baxdığda G.Abdullazadə demək olar ki, görkəmli alim adını daşımaq üçün bütün fəxri adlara layiq görülmüşdür. Ancaq həmişə yenilik və mükəmməllik axtarışında olan gözəl alim  daima irəliyə, daha da yüksək pillələrin fəthinə can atır və nəinki özü, eləcə də onun rəhbərliyi altında çalışan qurumları buna sövq edir. Uzun illər ərzində BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli ilə çiyin-çiyinə çalışaraq, öz işini layiqli yerinə yetirməklə Fərhad müəllimin və bütün pedaqoji kollektivinin böyük hörmətini qazanmışdır.

    Pedaqoji fəaliyyətlə məşqul olan  G.Abdullazadə bir neçə dərs vəsaiti və monoqrafiyaların müəllifidir. Onların içində “Azərbaycan muğamının fəlsəfi mahiyyəti” və “Musiqi. İnsan. Cəmiyyət” adlı kitabları öz fundamental əsasları və alim tərəfindən fəlsəfi cəhətdən yeni yanaşması ilə seçilirlər.

    Hər zaman ürəyi vətənpərvərliklə döyünən Gülnaz Abdullazadə hələ 90-ci ilin may ayında Cümhuriyyət gününə həsr olunmuş təntənəli tədbirdə ilk dəfə xorla orkestrin ifasında çağdaş himnimizin səsləndirilməsinin təşəbbüskarı və təşkilatçısı olmuşdur. Dəfələrlə o, xarici ölkələrdə  keçirilən konfranslarda iştirak edərkən siyası xadim və əsl vətəndaş kimi Azərbaycana aid həqiqətləri dünya ictimaiətinə çatdırmışdır.

    Qeyd olunmalıdır ki, Azərbaycan müstəqilliyini qazandıqdan sonra Türkiyədən onlarla müsiqişünas Bakı Musiqi Akademiyasında doktorantura pilləsində təhsil almaları və alimlik dərəcəsinə qədər yüksəlmələrində şəxsən Gülnaz Abdullazadənin böyük rolu vardır. Onun rəhbərliyi altında sənətşünaslıq üzrə fəlsəfə doktoru adını almış bir neçə türk musiqişünası hal-hazırda Türk Universitetlərinin nəzdindəki Konservatoriyalarda ən yüksək vəzifələrdə çalışırlar. Türkiyənin musiqi ictimaiəti onu görkəmli alim-musiqişünas olaraq olduqca yüksək dəyərləndirirlər.

    Son illərdə Bakı Musiqi Akademiyası ilə müştərək olaraq Türkiyənin müxtəlif şəhərlərində “Muzik və Dans” və digər beynəlxalq simpoziumlar mütamadi olaraq keçirilir və onun da təşkilatçılarından biri məhz Gülnaz Abdullazadədir.

    Hər zaman müdrikliyi və elmi baçarığı ilə seçilən G.Abdullazadə bütün doktorantlara xüsusi qayğı ilə yanaşır və öz dəyərli məsləhətlərini onlardan əsirgəmir. Azərbaycan Respublikası Prezidenti, möhtərəm cənab İlham Əliyev 2021-ci ilini Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizamiyə həsr edəndə Gülnaz Abdullazadənin şairin şeyrinə yazılmış “Könlüm sitəminlə canə yetdi” romansı yenidən işlənərək tanınmış müğənni İlham Nəzərovun  ifasında bir neçə televiziya kanalarında səsləndirildi. Burada Gülnaz Abdullazadənin dərin düşüncəli bəstəkarlıq məharəti özünü göstərmiş və nə dərəcədə mükəmməl fəlsəfi təfəkkürə malik olması bir daha sübut olunmuşdur.

     Gülnaz Abdullazadəyə həsr edilmiş “На вершине науки – Гюльназ Абдуллазаде” monoqrafiyanın müəllifi kimi, mən orada onun elmi fəaliyyətinin bütün istiqamətləri haqqında kifayət qədər ətraflı məlumat vermişdim. Bugün isə G.Abdullazadənin ad günü münasibəti ilə onu bir daha, həm elmi laboratoriyanın kollektivi adından, həm də Gülnaz xanımın yetirməsi kimi öz adımdan ürəkdən təbrik edir, ona bir daha möhkəm can sağlığı, hər zaman elmin yüksək zirvəsində qalaraq yeni yaradıçılıq uğurları arzulayıram.

     

                                                                        Ü.Hacıbəyli adına BMA-nın elmi-
                                                                         tədqiqat laboratoriyasının müdiri,
                                                                         sənətşünaslıq üzrə fəlsəfə doktoru,
                                                                                             dosent Nuridə İsmayılzadə