8 iyul 2021-ci il
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi çərçivəsində “Azərbaycan qədim rəqs havaları” kitabının təqdimatı keçirilmişdir.
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi - tədqiqat laboratoriyasının təşkilatçılığı ilə onlayn rejimdə sənətşünaslıq üzrə fəlsəfə doktoru, böyük elmi işçi Rauf Bəhmənlinin “Azərbaycan qədim rəqs havaları” kitabının təqdimatı keçirilmişdir.
Mötəbər qonaqların iştirakı ilə keçirilən təqdimata ev sahibliyi edən elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə bütün qonaqları salamlayaraq, sənətşünaslıq üzrə fəlsəfə doktoru, böyük elmi işçi Rauf Bəhmənlinin “Azərbaycan qədim rəqs havaları” kitabının Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi çərçivəsində dərc olunmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq bildirdi ki, tədqiqatçının uzun illər boyunca topladığı folklor nümunələrinin cəmlənərək dərc olunmasını, müəllifin yaradıcı uğuru ilə yanaşı, elmi-tədqiqat laboratoriyamızın və hətta musiqi mədəniyyətimizin möhtəşəm uğurunun nəticəsi hesab edə bilərik. Zəngin irsə malik olan Azərbaycan folkloru daima araşdırılmalı və yüksək müstəvilərdə təqdim olunmalıdır.
Çıxış üçün söz verilən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elm və yaradıcılıq işləri üzrə prorektoru, əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə “Azərbaycan qədim rəqs havaları” kitabının işıq üzü görməsində böyük bir zəhmətin, uzun illər əzimlə aparılmış tədqiqatların bəhrəsinin nəticəsinin olduğunu vurğuladı. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Azərbaycanın və SSRİ-nin xalq artisti, professor Fərhad Bədəlbəyli daima milli - mənəvi dəyərlərin, elmin keşiyində dayanmış və dəstəkləmişdir. Bunun nəticəsi olaraq bir çox dəyərli araşdırmalar, tədqiqatlar işıq üzü görmüşdür. O cümlədən Gülnaz Abdullazadə xüsusi olaraq tədbirdə iştirak edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, akademik Rəfael Hüseynova hər zaman göstərdiyi dəstəyə görə dərin minnətdarlığını bildirdi.
Tədbirdə iştirak edən elm xadimlərini salamlayan Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, akademik Rəfael Hüseynov “Azərbaycan qədim rəqs havaları” kitabının dərc olunmasının Azərbaycanın mədəni və elmi həyatında son dərəcə əlamətdar bir hadisə olmasını bildirdi. Ümumiyyətlə hər zaman yeni kitabın yaranması, ictimaiyyətə təqdim olunması bir bayramdır, yeni-yeni elmi araşdırmalar üçün üfüqlərin açılmasında önəmli hadisədir. Bu gün bu tədbirdə iştirak edən insanların elmimizə, mədəniyyətimizə, düşüncə tariximizə əvəzsiz töhfələr verməsi, sədaqətli xidmətləri daima qiymətləndirilməli və önə çıxarılmalıdır. Azərbaycan rəqslərinin araşdırlması, toplanması və dərc olunması böyük bir zəhmət, peşəkarlıq tələb etdiyindən bu yolda Rauf Bəhmənliyə dəstək olan, zəhməti keçən hər bir kəsi alqışlayıram. Təqdim olunan kitab mədəniyyətimiz üçün əvəzsiz töhfədir və erməni plaqiatının qarşısının alınmasında əvəz olunmaz vasitədir.
Daha sonra Ü.Hacıbəyli adına BMA-nın tədris üzrə prorektoru, əməkdar müəllim, pedaqoji elmlər namizədi, professor Nərminə Quliyeva iştirakçıları salamlayaraq tədbirin önəmliyini vurğuladı. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin sərəncamına əsasən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi keçirilir və bütün tədbirlər yubiley çərçivəsındə qeyd olunur. Təqdim olunan kitabın yubileyimiz üçün əvəzsiz hədiyyə olduğunu qeyd etmək istərdim. Olduqca mürəkkəb tədris ilinin sonunda bu cür möhtəşəm tədbirin keçirilməsi bizim hamımız üçün uğurlu stimuldur. Mütləq şəkildə bu cür elmi araşdırmalar müxtəlif dillərə tərcümə olunaraq dünya ictimaiyyətinə təqdim olunmalıdır. Belə olduğu təqdirdə yad əllər bizim mədəniyyətimizə uzanmaz və erməni plaqiatına son qoyular.
“Azərbaycan qədim rəqs havaları” kitabının etnomusiqişünaslığın bütün norma və qanunlarına, tələblərinə cavab verdiyini xüsusilə qeyd edən Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Lalə Hüseynova Rauf bəyi təbrik edərək, araşdırmanın müxtəlif dillərə tərcümə olunaraq dərc olunmasını təklif etdi.
Təqdimatda iştirak edən Azərbaycan Milli Konservatoriyasının tədris işləri üzrə prorektoru, əməkdar müəllim, sənətşünaslıq namizədi, professor Malik Quliyev, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, bəstəkar Elnarə Dadaşova, Bakı Xoreoqrafiya Akademiyasının elmi işlər üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Elmira Pənahova, professor, etnoxoreoloq Gürbüz Aktaş (Türkiyə. İzmir şəhəri), “Şərq-Qərb” nəşriyyatının rəhbəri Sevil İsmayılova, Bakı Xoreoqrafiya Akademiyasının “Milli rəqslər “ kafedrasının müdiri, Azərbaycan Respublikasının əməkdar artisti, xoreoqraf Senan Hüseyinli, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin aparat rəhbəri Natiq İsayev, Azərbaycan Milli Konservatoriyasının “İnstrumental muğam” kafedrasının müdiri, Azərbaycan Respublikasının Xalq artisti, dosent Malik Mansurov, sənətşünaslıq üzrə elmlər doktoru, professor Abbasqulu Nəcəfzadə, Azərbaycan Milli Konservatoriyasının “İnstrumental muğam” kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aydın Əliyev, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Milli Konservatoriyasının “İnstrumental muğam” kafedrasının müəllimi, Azərbaycan Televiziyası və Radiosunun nəzdində “Qaytağı” instrumental ansamblının bədii rəhbəri Ənvər Sadıqov və elmi tədqiqat laboratoriyasının əməkdaşları, “Azərbaycan qədim rəqs havaları” kitabının elmi dəyəri haqqında maraqlı mülahizə və fikirlər bildirərək Rauf Bəhmənlini təbrik etdilər, yeni-yeni yaradıcılıq uğurları arzu etdilər.
Sonda bütün iştirakçıları, dəyərli qonaqları, elm xadimlərini salamlayan və dərin minnətdarlığını bildirən Rauf Bəhmənli 38-illik yaradıcı illərinin, axtarışlarının uğurlu bəhrəsi olan “Azərbaycan qədim rəqs havaları” kitabına verilən dəyərə görə çox böyük qurur hissi keçirdiyini söylədi. Ü. Hacıbəyli tərəfindən təməli qoyulmuş ənənənin davam etdirə bilməsinə görə, Azərbaycan xalq rəqslərinin toplanılmasında, öyrənilməsi və dərc olunmasında dəstəyi, zəhməti olan hər bir kəsə minnətdarlığını bildirdi.
Rzayeva Mehparə
elmi –tədqiqat laboratoriyasının böyük elmi işçisi,
sənətşünaslıq üzrə fəlsəfə doktoru