1 iyul 2021-ci il
Aşıq Ələsgərin sazlı-sözlü dünyası
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi-tədqiqat laboratoriyasında 2021-ci il 1 iyul tarixində Aşıq Ələsgərin 200 - illik yubileyi ilə bağlı “Aşıq Ələsgərin sazlı-sözlü dünyası” adlı onlayn qaydada elmi sessiya keçirildi.
Aşıq Ələsgər şeirlərində xalqa, torpağa, vətəninə bağlılıq büruzə olunur. Beləki, ustad aşıqlardan və digər el sənətkarlarından ustadlığı əxz edən Aşıq Ələsgər həmişə xalqa yaxın olmuş və yaradıcılığında ana xətti kimi tərənnüm olunmuşdur. Xalq da ustadımız Aşıq Ələsgərə ustadyana dəyər vermiş, sənətkarın şairliyi, aşıqlığı dillərdə dastan olmuşdur.
Elmi sessiyanı elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə hamını salamlayıb sözü elm və yaradıcılıq işləri üzrə prorektor, f.e.d., professor Gülnaz Abdullazadəyə təqdim etdi. Gülnaz xanım qonaqlara, sessiya iştirakçılarına öz dərin təşəkkürünü bildirib, Aşıq Ələsgərin aşıq poeziyasındakı əhəmiyyətindən, alim-musiqişünasların aşıq sənəti ilə bağlı elmi tədqiqat əsərlərinin yaranıb ərsəyə gəlməsini qeyd etdi.
Sessiyanın növbəti iştirakçısı Azərbaycan Aşıqlar Birliyinin sədri, əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı “Aşıq Ələsgərin dastan rəvayətləri” adlı mövzu ilə çox maraqlı çıxış edərək Dədə Ələsgərin irsinin toplanılıb, şeirlərinin hansı havalarla oxunması ilə bağlı kitab, “Adım Ələsgərdir” albomda isə 60-dan çox aşıqların ifasında Dədə Ələsgərin dastan rəvayətlərinin toplanılıb və səsləndirilməsi ilə bağlı CD və DVD disklərin hazırlandığını xüsusi olaraq vurğuladı.
“Ulu Öndər Heydər Əliyevin “Aşıq Ələsgərin 150 – illik yubileyi ilə bağlı sərəncamları” mövzuda Ü.Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə Aşıq Ələsgərin arxiv materialları ilə bağlı sərəncamların verilməsi haqda çox ətraflı məruzə ilə çıxış etdi.
Ü.Hacıbəyli adına BMA-nın “Humanitar fənlər” kafedrasının müdiri, filologiya elmləri doktoru, profesor Tərlan Quliyev “Aşıq Ələsgər Azərbaycan aşıq sənətinin zirvəsi kimi” başlıqlı çıxışında aşıq sənətinin şeir sistemi olan heca vəzninin “Kitabi Dədə Qorqud”dan başlamış, Xəstə Qasım, Abbas Tufarqanlı, Kaşkari, Qurbaniyə qədər olan böyük inkişaf yolunu poeziya ilə vəsf etdi. Tərlan müəllim Aşıq Ələsgər irsini romantik ədəbiyyatdan realist ədəbiyyat ayrıcında M.P.Vaqif sənətindən daha çox bəhrələndiyini xüsusilə qeyd etdi.
“Aşıq Ələsgər şeiriyyatı bəstəkar yaradıcılığında” başlıqlı mövzusunu Azərbaycan Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi Metodiki və İxtisasartırma Mərkəzinin Elmi-Təminat və Araşdırmalar şöbəsinin Tətbiqi Tədqiqatlar sektorunun müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı təqdim edərək Aşıq Ələsgər poeziyasından bəstəkar yaradıcılığında təcəssümü haqda çox maraqlı çıxış etdi.
“Xalq yaradıcılığında Aşıq Ələsgərin rolu” adlı mövzu ilə sənətşünaslıq üzrə fəlsəfə doktoru, AMK-nın dosenti Mübariz Əliyev Aşıq Ələsgərin şeirlərinə istinad edərək öz ifasında Göyçə gözəlləməsini təqdim etdi.
Sessiya zamanı Aşıq Ələsgərin “Düşdü” və “Gərəkdi” şeirləri elmi-tədqiqat laboratoriyasının elmi işçisi, BMA-nın doktorantı Nigar Bayramova tərəfindən səsləndirildi.
Sessiya zamanı Aşıq Ələsgərin sözlərinə Hacı Xanməmmədovun xalq artisti Şövkət Ələkbərovanın ifasında “Niyə döndü” mahnısı, “Aşıq Pəri” məclisinin iştirakçılarının “Yığdın bu dünyanın malın, dövlətin” aşıq havası səsləndirildi.
Elmi sessiyada iştirak edən Azərbaycanın xalq artisti, professor, tarzən Ramiz Quliyev alətlərin klassik formada ifa manerasının, sazın qədim alət kimi ifa xüsusiyyətləri haqda, bununla yanaşı 1971-ci ildə Moskvada Aşıq Ələsgərin yubileyi ilə əlaqədar keçirilən tədbirin iştirakçısı kimi öz xatirələrini söylədi, xalq artisti Arif Əsədullayev öz ürək sözlərini və təkliflərini bildirdi. Sonda Nuridə xanım sessiyanın çox maraqla keçdiyini, belə elmi sessiyaların, konfransların, tədbirlərin keçirilməsinin davamını söylədi.
Ü.Hacıbəyli adına Elmi-tədqiqat laboratoriyasının
elmi işçisi
Nəsirova Fidan