28-30 may 2021-ci il
VII Beynəlxalq “Musiqi və rəqs” konqresi
VII Beynəlxalq “Musiqi və rəqs” konqresi 28-30 may 2021-ci il tarixində Çeşme-Türkiyədə keçirilmişdir. Sakarya Universiteti, Antalya Mədəniyyət və Təhsil Fondu Universiteti (AKEV), Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Bakı Xoreoqrafiya Akademiyası, Gəncə Dövlət Universiteti və Qırğızıstan Ənənəvi Musiqi Fondunun ortaqlığı ilə təşkil olunan konqresin məqsədi: ölkədə və xaricdə, xüsusən Türk Dünyasında musiqi və rəqs sahəsində çalışan alimlər, sənətçilər və tələbələri bir araya gətirmək, qeyd olunan sahələrlə bağlı elmi mübadilə aparmaqdır.
Türkiyə, Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, İran, Macarıstan, Çin, Oman, İngiltərə daxil olmaqla 132 nəfər ənənəvi və distant şəkildə konqresdə iştirak etmişdir. Tədbir 105 müəllifə (həmmüəlliflərlə bərabər) aid olan 87 məruzə, 17 konsert/performans, 2 workshop və 4 əsərdən ibarət sərgi ilə iştirak həyata keçirilmişdir.
Konqresin açılışında Sakarya Üniversitetinin rekoru Prof. Dr. Fatih Savaşan, Antalya Mədəniyyət və Təhsil Fondu Universitetinin (AKEV) rektoru, Prof. Dr. Kamile Perçin Akgül, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru, Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Elmira Pənahova, Gəncə Dövlət Universitetinin “Musiqi fənnləri” kafedrasının müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Sevda Qurbanəliyeva, Qırğızıstanın Xalq artisti, sənətşünaslıq doktoru, professor Roza Amanova və Qırğızıstan Ənənəvi Musiqi Fondunun rəhbəri Adila Kermenaliyeva iştirak etmişlər.
Açılış çıxışlarından sonra Qırğızıstan Ənənəvi Musiqi Fondunun rəhbəri Adila Kermenaliyeva və Beynəlxalq Musiqi və Rəqs Konqresi Koordinatoru Kürşad Gülbeyaz arasında musiqi, rəqs və mədəniyyət sahəsində ortaqlıq müqaviləsi imzalanmışdır.
VIII Beynəlxalq “Musiqi və rəqs” konqresi 1-3 oktyabr 2021-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi çərçivəsində Bakıda, IX konqress isə 2022-ci ilin aprel ayında Bişkekdə keçiriləcəkdir.