1 iyun 2021-ci il
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi - tədqiqat laboratoriyasında onlayın rejimdə növbəti seminar keçirilmişdir.
Seminarda elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, Azərbaycan Respublikası Bəstəkarlar İttifaqının İdarə Heyətinin üzvü, bəstəkar Rüfət Ramazanov “Xor musiqisinin tarixi və onun Azərbaycanda inkişaf mərhələləri” adlı elmi məruzəsi ilə çıxış etmişdir.
Məruzəçi qədim tarixi inkişaf mərhələlərinə malik olan xor mədəniyyətinin təzahürü və dünya xalqlarının musiqisində geniş vüsət tapmasından danışarkən, olduqca maraqlı tarixi faktlara əsaslanmışdır. Qədim Yunan, Bizans xor mədəniyyətləri və daha sonra orta əsrlərdə Qərbi Avropa ölkələrinin professional xor sənəti haqqında ətraflı məruzə edən Rüfət Ramazanov, eyni zamanda da, kotolik kilsələrində səslənən xor musiqisini də araşdıraraq seminar iştirakçılarının nəzərinə çatdırmışdır.
Daha sonra məruzəçi xor musiqisnin Azərbaycanda inkişaf mərhələləri haqqında müfəssəl məlumat vermişdir. Azərbaycanda ilk xor mədəniyyətinin banisi dahi Üzeyir Hacıbəyli olduğunu vurğulayan məruzəçi, 1926-cı ildə Azərbaycan Dövlət Konservatoriyasında ilk çoxsəsli Azərbaycan xorunun da yaradılmasının məhz Üzeyir bəyə məxsus olduğunu qeyd etdi. Xor musiqisi daha sonralar müxtəlif nəsil Azərbaycan bəstəkarlarının yaradıcılıqlarında yüksək professionallıqla öz parlaq təcəssümünü tapmışdır deyən məruzəçi Rüfət Ramazanov, müasir dövrün xor musiqisi haqqında məlumat verərək müxtəlif nümunələrlə seminarını davam etdirmişdir.
Məruzəçi bəstəkar Rüfət Ramazanov seminarın sonunda öz yaradıcılığına müraciət edərək Y.İmrənin sözləri əsasında qələmə aldığı “Zərrələr” qarışıq a kapella xoru üçün silsiləsini və İ.Nəsiminin sözlərinə “İki qəzəl” qarışıq a kapella xoru üçün yazılmış əsərlərinin video yazısını seminar iştirakçılarının nəzərinə çatdırdı.
Seminarın sonunda çıxış edən elmi –tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə məruzəçinin çıxışını yüksək qiymətləndirərək, xüsusilə dinləmək üçün təqdim olunan bəstəkarın öz yaradıcılığına müraciət etməsini alqışlayaraq, əsərlərin Azərbaycan xor musiqisinnin dəyərli nümunələri olduğunu vurğuladı. Elmi seminar və dinlənilən əsərlər haqqında müxtəlif dəyərli fikirlər söyləyən elmi-tədqiqat laboratoriyasının əməkdaşları: Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, professor Arif Əsədullayev, aparıcı elmi işçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İmina Əliyeva, böyük elmi işçi Zeynal İsayev, elmi işçi Fidan Nəsirova, elmi işçi Nigar Bayramova və digərləri tərəfindən mövzu ətrafında suallar verilərək maraqlı diskussiyalar aparıldı.
Mehparə Rzayeva
Sənətşünaslıq üzrə fəlsəfə doktoru