• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    1 iyun 2021-ci il

    «Nizami yaradıcılığı dünya mədəniyyəti kontekstində” adlı onlayn konfrans  keçirilib

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tarix-nəzəriyyə və Bakı Dövlət Universitetinin Filologiya fakültələrinin birgə təşkilatçılığı ilə ”Nizami-880”  ili çərçivəsində «Nizami yaradıcılığı dünya mədəniyyəti kontekstində” adlı onlayn konfrans keçirilib.

    Giriş sözü ilə çıxış edən  BMA və BDU  fakültə dekanları – professor Gülzar Mahmudova və dosent Elçin Məmmədov  Nizaminin zəngin yaradıcılıq yolunu işiqlandırıb, bu cür tədbirlərin təşkilinin professor –müəllim heyəti və tələbələr üçün əhəmiyyətini vurğulayıblar.

    Sonra məruzəçilər çıxış edib. Ü.Hacıbəyli adına BMA-nın Humanitar elmlər kafedrasının  müdiri professor Tərlan Quliyev “Nizami poemalarının vəzni”, Musiqi nəzəriyyəsi kafedrasının müdiri professor Könül Nəsirova “Nizami irsi Azərbaycan bəstəkar musiqisi kontekstində: açılmayan səhifələr” və kafedranın  professoru Aytac Rəhimova “Nizami dövründə incəsənətin qarşılıqlı əlaqəsi”, BDU-nun  Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri professor Səhər Orucova “Nizami Gəncəvi yaradıcılığında folklor”,  Azərbaycan ədəbiyyatı kafedrasının dosenti  Sevinc Gocayeva “Xəmsə” milli-mənəvi dəyərlər kontekstində” və BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının doktorantı Aynurə Qurban  “Fərhad və Şirin” poemasının Amasiya  dalğası” adlı məruzələrlə çıxış ediblər.

    Məruzələrdə dahi şairin poetik mirası, Nizami poeziyasında folklor ənənələrinin tətbiqi, milli-mənəvi dəyərləri, incəsənətin müxtəlif növlərinə təsiri,  bəstəkar musiqisində tətbiqi yolları barədə  maraqlı  fikirlər və müşahidələr  yer almışdır.

    Tədbirdə onlayn-konsertdə BMA-nın Konsertmeyster ustalığı kafedrasının dəstəyi ilə Nizaminin sözlərinə Ü.Hacıbəylinin romansları və digər kompozisiyalar  Leyla Zeynalova, Camalə Abdinzadə, Mahir Tağızadə, Aydan Cəfərova, Lalə Xəlillinin  ifasında səslənmişdir.

    Sonda hər iki ali təhsil müəssisəsinin kafedra müdirləri  - professorlar Səhər Orucova və Könül Nəsirova bu əməkdaşlığın davamlı olmasını zəruri hesab edərək, belə tədbirlərin təşkil olunmasını arzulayıblar.