27 may 2021-ci il
İsmayıl Hacıbəyovun həyat və yaradıcılığı
2021-ci il 27 may tarixində, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan musiqisi və onun yeni istiqamətlərinin tədqiqi:Orqanaloqiya və Akustika” elmi-tədqiqat laboratoriyasının kiçik elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəliyev Məhəmmədin “ İsmayıl Hacıbəyovun həyat və yaradıcılığı” adlı online seminarı (vebinari) keçirilmişdir.
Azərbaycanın musiqisinə Dahi bəstəkarımız Üzeyir bəyi,məşhur bəstəkar Soltan Hacıbəyovu bəxş edən görkəmli Hacıbəylilər ailəsinin nümayəndəsi olan, öz marağlı üslubu və musiqisi ilə bu gün də yaddaşlarda qalan İsmayıl Hacıbəyovun yaradıcılığı hər zaman musiqişünasların maraq dairəsində olmuşdur. Seminar əsnasında bəstəkarın əsasən vokal musiqisi və kamera-instrumental əsərləri barəsində ətraflı olaraq bəhs edilmiş,maraqlı fikirlər səsləndirilmişdir.
İ.Hacıbəyovun yaradıcılığında vokal musiqisinə marağı gənc yaşlarından yaranmışdır. Məruzəçi tərəfindən bəstəkarın 60-cı illərin sonunda Dantenin sözlərinə yazdığı vokal məcmuəsi və A.S.Puşkin, S.A.Yesenin kimi qudrətli şairlərin sözlərinə bəstələdiyi əsərlər qeyd edildi. Bəstəkarın müraciət etdiyi şairlər sırasında S.Vurğun və T.Elçin kimi Azərbaycan poeziyasının məşhur nümayəndələrinin adlarının da olduğu vurğulanmalı haldır. Xüsusən, S.Vurğunun sözlərinə “Bahar” vokal silsiləsi (1976), A.S.Puşkin və S.A.Yeseninin sözlərinə bəstələdiyi 2 romans (Fidan Qasımovaya həsr edilmişdir), üzərində dayanmaq istərdik.Bu əsərlərdə gənc bəstəkarın formalaşmış üslub cizgiləri özünü aydın olaraq biruzə verir.
M.Vəliyev İ.Hacıbəyovun kamera-instrumental musiqisi haqqında danışarkən ilk növbədə onun 1970-ci ildə bəstələnən simli kvartetini nəzərdən keçirdi.Bilindiyi kimi kvartet kamera musiqisinin forma,musiqi dili baxımından ən mürəkkəb,və bəstəkarların öz istedadını,simli alətləri idarə etmək bacarığını hərtərəfli nümayiş etdirə biləcəyi janrı sayılır.Bəstəkar 3 hissəli quruluşlu və neoklassik üslubda yaradılmış bu əsərdə müasir musiqi dili ilə milli musiqi elementlərinin ustaca vəhdətinə nail olmuşdur.Sonda, səs və fortepiano üçün “Sevməcə” (sözləri Teymur Elçinindir) əsəri səslənildi.Bu əsər nümunəsində bəstəkarın tanınmış sənət ustaları ilə çiyin-çiyinə işləməsi və bir sıra yadda qalan əsərlər yaratması söylənildi.
Seminar barəsində elmi-tədqiqat laboratoriyasının müdiri,sənətşünaslıq üzrə fəlsəfə doktoru,dosent Nuridə İsmayılzadə,böyük elmi işçi,sənətşünaslıq üzrə fəlsəfə doktoru, Rauf Bəhmənli,aparıcı elmi işçi,bəstəkar Rüfət Ramazanov marağlı suallar və təkliflər vermişdirlər.Ümumən böyük bəstəkarımıza həsr edilən seminar dinləyicilər tərəfindən rəğbətlə qarşılanmış və məruzəçiyə sonrakı yaradıcılığında uğurlar arzulanmışdır.
Elmi-tədqiqat laboratoriyasının kiçik elmi işçisi, doktorant
Əfəndiyev Ayxan