25 may 2021-ci il
Mustafa Kamal Atatürk və musiqi mədəniyyəti
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi-tədqiqat laboratoriyasında 2021-ci il 25 may tarixində BMA-nın doktorantı, elmi işçi Könül Əhmədovanın MUSTAFA KAMAL ATATÜRK VƏ MUSİQİ MƏDƏNİYYƏTİ başlıqlı “Çağdaş türk musiqisinin inkişaf yolları və Atatürk dövrü” adlı onlayn qaydada elmi seminarı keçirildi.
Elmi seminarı elmi laboratoriyanın müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə başlayaraq ilk sözü Elm və yaradıcılıq işləri üzrə prorektor, f.e.d, professor Gülnaz Abdullazadəyə verdi. Gülnaz xanım çıxışında Azərbaycan və Türkiyə elmi və mədəni yaradıcılıq əməkdaşlığının təməl qoyulduğu illərdən ta bugünkü dövrümüzədək olan yaradıcılıq əlaqələrindən danışdı. Həm Azərbaycanda, həm də Türkiyədə təhsil alan doktorantların adlarını sadalayaraq “bir millət, iki dövlət” şüarının xüsusilə böyük əhəmiyyəti olduğunu vurğuladı. Azərbaycan və Türkiyə elmi əlaqələri, mənəvi platformanın genişlənməsi və qorunub saxlanılması ilə bağlı bir çox işlərin görülməsini xüsusilə qeyd etdi.
Elmi seminarın əsas təşkilatçısı və məruzəçisi Könül Əhmədova müasir Türk musiqisinin inkişaf mərhələrləri və Mustafa Kamal Atatürkün musiqi sahəsində gördüyü işlər haqda ətraflı məruzə ilə çıxışına başladı. Atatürkün bu istiqamətdə əsas hədəflərinin Qərbin qabaqcıl musiqi qurumlarının bənzərinin Türkiyədə yaradılması, bu qurumların iş prinsiplərinin öyrənilməsi, müasir yazı texnikası vasitəsilə Anadolu xalq musiqisini inkişaf etdirmək, çağdaş bir səviyyəyə qaldırmaq və tanıtmaq, ifaçılıq və opera janrının inkişafı və s. olduğnu bildirdi.
XIX əsrdə yaranan “Musiqi-i Humayun”un müasir Türkiyə professional musiqi mədənəyyətinin inkişafındakı yeri və rolu, XX əsrin əvvəllərində yaranan “Darülbedayi”nin, “Musiqi Müəllimlər Məktəbi”nin fəaliyyəti xüsuslilə vurğulandı. Çağdaş Türk musiqisinin formalaşmasında, Türkiyənin dünyada tanınmasında dövlət hesabına xaricdə təhsil alan tələbələrin xidmətləri, həmçinin məşhur musiqiçilərin buraya dəvəti də qeyd olundu.
Məruzəçi çıxışında bildirdi ki, Cümhuriyyətin ilk günlərindən “Musiqisiz inqilab olmaz” fikrini söyləyən dahi şəxsiyyət bu xüsusda dünyada köklü dəyişikliklər edən liderlər içində özünəməxsus və təkrarsızdır. O, cəmiyyətdə müasir musiqi təfəkkürünün formalaşması üçün öz ruhuna yaxın olan musiqilərdən belə imtina etmişdir. Bəşəriyyətin “dili” olan musiqinin ölkəsində inkişafı üçün, bütün istiqamətlərdə tez bir zamanda yüksək nəticələr əldə etmək üçün ardıcıl göstərişlər vermişdir. Türkiyə musiqi mədəniyyətinin təşəkkülü və inkişafında tərəqqi etdirib, Qərb musiqisinin bu gün işğal etdiyi zirvəyə çatmağını arzulamışdır.
Sonda ulu öndər Heydər Əliyevin Mustafa Kamal Atatürk haqqında söylədiyi fikirlər səsləndirildi:“Türkiyə Cümhuriyyətinin yaradıcısı Atatürk elə bir şəxsiyyətdir ki, onun haqqında nə qədər danışsan yenə də azdır. Atatürkün həyatını, fəaliyyətini daim öyrənmək lazımdır”.
Elmi seminarda mövzu ilə bağlı slayd və “Dağ başını duman almış” marşı, “Harf marşı”, “Köçekçe” suitası və Fazıl Sayın ifasında “ Troya sonata: Axilles”in video səslənməsi təqdim edildi.
Seminarda elm və yaradıcılıq laboratoriyasının prorektoru, f.e.d., professor Gülnaz Abdullazadə, elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə, Musiqi nəzəriyyəsi. kafedrasının müdiri, BMA-nın professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Nəsirova, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Arif Əsədullayev, aparıcı elmi işçi, bəstəkar Rüfət Ramazanov, laboratoriyanın aparıcı elmi işçisi, Xalq artisti Zümrüd Məmmədova, laboratoriyanın bütün əməkdaşları, M.K.Atatürk Mərkəzinin Dil, ədəbiyyat və mədəniyyət şöbəsinin müdiri Pərvin Quliyeva və digər qonaqlar məruzəçini ürəkdən təbrik etdi və yaradıcılıq uğurları dilədi.
elmi işçi Nəsirova Fidan