• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    20-21 aprel 2021-ci il

    Bəstəkar və zaman. Respublika elmi konfransı

    20-21 aprel 2021-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında online formatda “Bəstəkar və zaman” Respublika elmi konfransı keçirilmişdir. Konfransın açılışında Bakı Musiqi Akademiyasının Elm və Yaradıcılıq işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor, əməkdar incəsənət xadimi Gülnaz Abdullazadə, Bakı Musiqi Akademiyasının Tədris işləri üzrə prorektoru, pedaqogika elmləri namizədi, professor, əməkdar müəllim Nərminə Quliyeva, Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, professor, Xalq artisti Yeganə Axundova çıxış etmişlər. Konfransda  musiqişünaslarla yanaşı, ifaçıların (pianoçu, vokal, tarzən və s.) iştirak etməsi təqdirəlayiq hal kimi qeyd olunmuşdur. Gülnaz Abdullazadə, Aytac Rəhimova, Həbibə Məmmədova və Mehparə Rzayeva konfransın bölmə rəhbəri olmuşlar.

    İki gün davam edən “Bəstəkar və zaman” Respublika elmi konfransında təqdim olunan çıxışlar klassik muğam ifaçılığından tutmuş  müasir bəstəkar yaradıcılığına qədər  müxtəlif mövzuları əhatə etmişdir. Bunların içərisində  aktual olan sosial-mədəni, musiqi tədrisi, muğam ifaçılıq məsələləri, klassik və müasir bəstəkar əsərlərinin tədqiqi  ilə bağlı mövzular üstünlük təşkil etmişdir.

    Bu mövzulardan Azər Dadaşovun musiqisində dini mövzu və multikultural dəyərlərin təcəssümü (Xankişiyeva İlhamə), “Fənlərarası əlaqə prosesində musiqili səhnə əsərlərindən istifadənin məktəblilərin estetik mədəniyyətinə təsiri (Sadıxzadə Hicran)”, “Elmira Nəzirovanın fortepiano üçün “Sonata-poema” əsəri” (Məryəm Yusifova), “Qara Qarayevin “Bakı haqqında mahnı” əsərinin vokal ifaçılıq təhlili” (İlham Nəzərov), “Fərəc Qarayevin həyat və yaradıcılığına bir nəzər” (Firuz Hüseynov) və b. qeyd etmək olar.

     

    Yusifova Məryəm Nəsir qızı

    Üzeyir Hacıbəyli adına

    Bakı Musiqi Akademiyasının dissertantı