9 aprel 2021-ci il
“Maestoso” klububun ilk tədbiri –“Qazilərlə görüş” baş tutdu.
9 Aprel tarixində BMA- nın “Maestoso” tələbə klubu “Qazilərlə görüş” tədbirini həyata keçirdi.
BMA-nın “Tarix-Nəzəriyyə” fakültəsinin dekanı, professor Gülzar Mahmudova tədbiri açıq elan etdi və müharibə iştirakçısı kapitan Rüfət Məmmədovu, qazi Baş leytinant Fuad Quliyevi, qazi əsgər Azər Adıgözəllini salamlayaraq, “Maestoso” klubunun ilk tədbirinin qürur verici görüş olduğunu bildirdi. Klubun işlərində tələbələrə möhtəşəm ideyalarla yorulmadan əmək sərf etməyi arzu etdi. Daha sonra söz BMA-nın Tədris işləri üzrə prorektoru professor, Əməkdar müəllim Nərminə Quliyevaya verildi. Prorektor tələbələri yaradılan klub münasibəti ilə təbrik edərək, onlara öz təşəbbüskar tədbirlərini milli mədəniyyətin beşiyi olan Şuşada keçirməyi arzuladı. Tədbirdə iştirak edən “Musiqi tarixi” kafedrasının müdiri professor Ülviyyə İmanova və “Musiqi nəzəriyyəsi” kafedrasının müdiri, professor Könül Nəsirova vətən uğrunda sağlamlığından keçən zabitlərimizə dərin minnətdarlıq hisslərini aşıladı. Tələbələrimizə gördükləri işdə uğur arzu edərək, “Maestoso” klubunun məhz ilk tədbirinin Qazilərlə görüş olmasının gənclik üçün önəmli hadisə olduğunu vurğuladılar.
“Maestoso” klubunun üzvi “Musiqişünaslıq” ixtisası üzrə təhsil alan I kurs tələbəsi Mustafayeva Neyjən 44 günlük müharibə zəfərini tarixi faktlar əsasında dərin və təmkinli məruzəsi ilə çıxış edərək, klub adından qazi zabitlərimizə işıqlı gələcəklərini onlara borclu olduqlarını söylədi. Daha sonra “Musiqişünaslıq” ixtisası üzrə təhsil alan I kurs tələbəsi Rəhimova Nərmin klubun üzvi kimi “Yaşat” fondunun məqsədi və məramından söz açaraq, fondun qazilər üçün həyata keçirilən təşəbbüskar və qayğıkeş işlərindən söhbət açdı. “Maestoso” klubunun hər bir gənc üzvinin adından qazilərimizə şəfa diləyərək, alınan Qarabağı göz nuru kimi qoruyacaqlarına əminlik verdilər.
“Maestoso” klubunun üzvi tələbələri qazilərə çox maraqlı və cəsarətli suallar verərək müqabilində aldıqları kövrəldici və qürurverici cavablarla dəyirmi masa təşkil etdilər .
Sonda hər bir qazi belə bir işdə gəncliyin maariflənməsinin vacibliyini bildirərək, onlara mənəvi dəstək olduğları üçün tələbələrə öz minnətdarlıqlarını söylədilər və klubun fəaliyyətlərində hər bir tələbəyə uğur arzu etdilər..